...

Azərbaycanın dostlarının sayı ildən-ilə artır (FOTO)

Cəmiyyət Materials 6 May 2015 15:44 (UTC +04:00)
Dövlət müşaviri Kamal Abdullayev konfrans iştirakçıları ilə görüşüb.
Azərbaycanın dostlarının sayı ildən-ilə artır (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda ənənəvi VI beynəlxalq elmi konfrans çərçivəsində xarici qonaqlarla görüşüb.

Niderland Krallığının Yeni Avropa Universitetinin prezidenti, professor Jovan Didier və həmin universitetin Şərqi Avropa və Qafqaz üzrə Beynəlxalq Əlaqələr üzrə dekanı professor Marina Bokuçava ilə söhbətində Dövlət müşaviri Kamal Abdullayev VI beynəlxalq elmi konfransa qatıldıqları üçün qonaqlara minnətdarlığını bildirib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Bakıda ikinci dəfə olduğunu xatırladan Jovan Didier paytaxtın fantastik dərəcədə dəyişdiyini, xariciləri cazibəsinə saldığını deyərək, bu dəvətdən məmnunluğunu bildirib. Öz növbəsində, xanım professor Marina Bokuçova da hər dəfə Azərbaycana səfər edəndə sevinc hissi keçirdiyini, beynəlxalq elmi konfransın hədəflərinə çatacağına inandığını deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə müxtəlif xarici universitetlərdə "Azərbaycan multikulturalizmi fənni"nin tədris olunduğunu qonaqların nəzərinə çatdıran Dövlət müşaviri Kamal Abdullayev onların təmsil etdiyi universitetin bu layihəyə cəlb olunması təklifini səsləndirib. Bununla yanaşı, Kamal Abdullayev qeyd edib ki, yaxın günlərdə bir yaşını qeyd edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, həmçinin maariflçilik sahəsində yerli və xarici təhsil və mədəniyyət mərkəzləri ilə birgə maraqlı layihələr həyata keçirir. Dövlət müşaviri Yeni Avropa Universiteti ilə Bilik Fondunun və Bakı Slavyan Universitetinin elmin, təhsilin, xalqların dostluq münasibətlərinin inkişafı istiqamətində əməkdaşlığının məqsədəuyğun olduğunu bildirib. Dövlət müşaviri görüşdə yay məktəblərinin yaradılması təklifini də irəli sürüb. Qonaqlar bu təkliflər əsasında davamlı əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Dövlət müşaviri Kamal Abdullayev ilə görüşdə Bakını doğma şəhəri hesab etdiyini deyib, konfrans çərçivəsində azərbaycanlı dostları ilə maraqlı fikir mübadiləsi apardığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda olan multikultural mühit hər kəsə, o cümlədən ölkəyə qonaq gələnlərə gəzmək, dincəlmək, öyrənmək üçün böyük imkanlar açır. Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın multikultural dəyərlərinin dünyaya nümunə olduğunu və bu nümunənin yayılmasının vacibliyini diqqətə çatdıraraq, litvalı elm adamları ilə birgə layihələr həyata keçirməkdə azərbaycanlı alimlərin maraqlı olduqlarını deyib. Professor Vidas Kavaliauskas hər zaman Azərbaycanın maraqlarından çıxış etdiklərini vurğulayıb.

Tbilisi Dövlət Universitetinin professoru Mariam Mançqaladze, Ural Federal Universiteti Avropa Araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Qazi Universitetinin professorları İsmet Çetin və Ayşe Çetin, Avropa Azərbaycan Cəmiyyətinin redaktoru və mətbuat katibi Nil Vatsonla keçirdiyi görüşlərdə dövlər müşaviri Kamal Abdullayev ölkəmizin dostları olan konfrans iştirakçılarına Azərbaycan həqiqətlərini daim dünyaya çatdırdıqlarına görə təşəkkürünü bildirib və bundan sonra da əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini vurğulayıb. Qonaqlar BSU-da keçirilən ənənəvi beynəlxalq elmi konfransda iştirak etməkdən məmnunluqlarını bildirib, bölmə iclaslarında müzakirə olunan məsələlərin son dərəcə əhəmiyyətli və aktual olduğunu qeyd ediblər.

Görüşlərdə BSU-nun rekroru, professor Asif Hacıyev, millət vəkili, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti