...

Azərbaycan Elmin İnkişafı Fondu Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 1 İyun 2015 14:49 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası - TÜBİTAK əməkdaşlıq edəcəklər.
Azərbaycan Elmin İnkişafı Fondu Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası - TÜBİTAK əməkdaşlıq edəcəklər.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı tərəflər arasında sazış bağlanılıb.

Sazişə əsasən tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

EİF və TÜBİTAK ölkələr üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, mühəndislik və texnologiyalar, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, kurslar, seminarlar, sərgilər və s. təşkili və onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.

Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komitə yaradılacaq. İlk birgə qrant müsabiqəsinin bu ilin sonunadək elan olunması barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti