Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb.
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.
QMİ sədri Ufa şəhərində 22-23 okryabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik Konfransda iştirak edəcək. MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.