...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 2 Noyabr 2015 14:51 (UTC +04:00)
MDB ilə geosiyasi proseslərin xarakteristikasını dəqiqliklə və tam dolğun şərh etdikdən sonra, müəllif Əli Həsənov III fəsildə yerli regional və transmilli maraqlar sistemində Orta Asiya və Xəzər hövzəsinin ümumi geosiyasi xarakteristikasını verir.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli 31-2 noyabr tarixli sayımızda

***

MDB ilə geosiyasi proseslərin xarakteristikasını dəqiqliklə və tam dolğun şərh etdikdən sonra, müəllif Əli Həsənov III fəsildə yerli regional və transmilli maraqlar sistemində Orta Asiya və Xəzər hövzəsinin ümumi geosiyasi xarakteristikasını verir.

Qeyd edək ki, Orta Asiya və Xəzər hövzəsində yerləşən dövlətlər XX əsrin sonlarından başlayaraq, yəni SSRİ parçalandıqdan sonra xüsusi əhəmiyyətli digər dövlətlər tərəfindən maraq dairəsinə çevrilən bu geosiyasi məkan, həm də zəngin təbii və mineral qaynaqları olan Şimal-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasi və enerji dəhlizlərinin üzərində yerləşməsi və unikal coğrafi xüsusiyyətləri ilə fərqlənir.

Əgər əvvəllər Xəzər dənizi hövzəsi ətrafında və Orta Asiyada baş verən hadisələr, etnik-milli, sosial münaqişələr, mədəniyyətləarası toqquşmalar yalnız SSRİ və qismən də İranın daxili məsələləri hesab edilirdisə, indiki dövrdə bunu qətiyyən demək mümkün deyil, çünki müasir zamanda burada yerləşən dövlətlərin milli maraqlarını təmin etməyə cəhdlə yanaşı, regionda özünün ənənəvi mövqelərini bütün yollar və üsullarla qorumağa çalışan Rusiya ilə bərabər, bura geosiyasi, geoiqtisadi, hərbi-geostrateji maraqlarını həyata keçirmək istəyən ABŞ, Avropa Birliyi, Türkiyə, İran, Yaponiya kimi ölkələr müxtəlif sahələrdə mövqe qazanmaq uğrunda mübarizə aparırlar.

Buna bir neçə səbəb də var. Hörmətli professorun fikrinə görə, Orta Asiya və Xəzər dənizi hövzəsi Cənubi Qafqazla birlikdə 20-ci əsrin sonlarından başlayaraq əsas transmilli mübarizə obyekti kimi ilk növbədə:

• Bölgənin zəngin enerji və karbohidrogen ehtiyatlarına çıxış əldə etmək;
• Əhəmiyyətli geosiyasi və hərbi-geostrateji mövqelərinə (strateji dəhlizlər, neft-qaz kəmərləri, dəmir və avtomobil yolları və s.) yiyələnmək;
• yerli ölkələrin siyasi rejimlərinə və ictimai dairələrinə təsir etmək, onların iqtisadi, sosial, dini, etnik, mədəni, və informasiya mühitini öz təsiri altında saxlamaq və s. dayanır.

Hərdən düşünürəm ki, müəllifin yazdığı bu sətirlərin hamısını bu gün də yaşayırıq. Gözümüzün qarşısından (bəzən tərəf tutan iştirakçı da olmuşuq) vətəndaş müharibələri (bunu təkcə bizə aid etmirəm), qarşıdurmalar, narıncı inqilablar, xarici birliklərin və dövlətlərin bizə qarşı təzyiqləri və təhdidləri, onlar tərəfindən bir neçə təşkilatı maliyyələşdirib, elə onların adından, yaxud onların fikirlərini öz adlarından söyləyənləri, maraqları və mənafeləri ödənilən kimi susmaları, Azərbaycanın başı üstündən, onun maraqlarını satmağa hazır olan liderləri, sədrləri, hətta bəzi məmurları, daxili hakimiyyətə yiyələnmək üçün öz kadrlarını hakimiyyət strukturlarında yerləşdirməyə cəhd edən insanları- daha nələri və kimləri görmədik? Hörmətli professorun yuxarıda göstərdikləri, qeyd etdiyi amillər bu gün də davam edir. Elə bu günlərdə (sentyabr, 2015-ci il) Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərar buna bariz nümunədir. Kiçik dövlətləri təzyiq buxovunda saxlamaq, özünə işlətmək, bununla da ölkədə hegemonluğu saxlamaq bir günün, iki günün işi deyil, bu illərlə cilalanmış və var gücü ilə işləyən mexanizmin təzahürüdür.

Bu baxımdan, Xəzər hövzəsində, Orta Asiyada böyük dövlətlərin (bura həm də beynəlxalq qurumlar aiddir) yürütdüyü siyasəti şərti olaraq iki dövrə ayırmaq olar:

• Birinci dövr- 80-ci illərin sonundan başlayan milli azadlıq hərəkatlarının başlanması (bu zaman bu nəhəng dövlətlər və qurumlara bəlli idi ki, nəhəng imperiya olan SSRİ artıq parçalanacaq) və 90-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə müşayiət olunan dövr dünya siyasi arenasında "Xəzəryanı" adlanan yeni bir geosiyasi məkanın yaranması ilə yekunlaşır. Əgər SSRİ zamanında Xəzəri iki dövlət bölüşdürüb, onun karbo-hidrogen ehtyatlarını yalnız onlar istismar edirdilərsə, müstəqillik qazanılandan sonra Xəzərlə su sərhədi olan ölkələrin sayı beşə çatdı. Təbiidir ki, karbohidrogen ehtiyatlarını bu beş dövlət, özünün milli maraqlarını əsas götürərək, istismar edəcək. Bax burada geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlar uğrunda bu beş dövlət arasında ziddiyyətlər yaranmağa başladı.

• Bu ziddiyyətləri 90-cı illərin ortalarından başlayan ikinci dövr, 1994-cü il 20 sentyabrın 20-də "Əsrin müqaviləsi" adı ilə nəhəng dövlətlərin təmsilçiləri tərəfindən imzalanan müqavilə qismən səngitsə də, sonradan yenə yeni qaz və neft quyularının kəşf edilməsi və istismarı ilə bağlı Xəzəryanı dövlətlər arasında təzədən ziddiyyətlər yarandı və bu gün də bu davam etməkdədir. İstənilən halda "Əsrin müqaviləsi" imzalandıqdan sonra geosiyasi ədəbiyyatda "Xəzərin geosiyasi oyunçuları" adlanan termin meydana çıxır və dünya siyasətşünaslığında geniş şəkildə təhlil olunmağa başlayır. Xəzəryanı dövlətlər haqqında Əli Həsənov yazır:
"Müstəqilliklərinin ilk illərində Orta Asiya dövlətləri Qərblə (əsasən Türkiyə vasitəsilə) Rusiya arasında müəyyən mənada seçim qarşısında qalmışdır. Bu ölkələr Qərblə əlaqələrə daha çox iki anlamda meyl göstərirdilər:

- öz müstəqilliklərinin daimi olmaları üçün təminat almaq;
- postsovet məkanında mövcud olan iqtisadi böhrandan çıxmaq, Qərb ölkələrindən maliyyə dəstəyi almaq və onların qabaqcıl texnologiyalarını öz iqtisadiyatlarına cəlb etmək". (Bax. s. 432-433)
Maraqlıdır ki, V. Putinin hakimiyyətə gəlişinə qədər Xəzəryanı dövlətlər Qərbə xeyli yaxınlaşdı və bunun fonunda Rusiyanın nüfuzu sürətlə aşağı enməyə başladı. Lakin, Putinin hakimiyyətə gəlməsi və yürütdüyü sərt siyasət nəticəsində Orta Asiya dövlətləri geosyasi və geoiqtisadi maraqlarını Rusiyaya doğru yönəltdi.

Bütün bu yazdıqlarımızla yanaşı, Orta Asiya dövlətlərinin geostrateji və geoiqtisadi maraqları əsasən üst-üstə düşsə də, onları bir-birindən fərqləndirən və ayıran konkret milli maraqlar mövcuddur.

Hörmətli professor Orta Asiya dövlətlərinin ayrı-ayrılıqda xarakteristikasını verərkən o birinci olaraq Qazaxıstandan başlayır. O yazır ki, bu dövlət SSRİ dağılarkən postsovet məkanında ən əlverişsiz geosiyasi vəiyyətlə üzləşməsinə baxmayaraq (həmin dövrdə ruslar Qazaxıstanın 5 böyük vilayətinə iddia irəli sürürdü və ümumiyyətlə bu ərazidə qazaxlara məxsus milli dövlətin formalaşması ciddi problemlərlə üzləşirdi), Rusiya ilə münasibətlərini tənzimləyə bildi. Qazaxıstan paytaxtının Alma-Atadan Astanaya köçürülməsi mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən hadisə oldu. Rusiya ilə strateji münasibətləri inkişaf etdirmək Qazaxıstanın xarici siyasətində prioritet məsələlərdən biridir. Qeyd edək ki, Rusiyanın postsovet məkanında irəli sürdüyü hər bir təşəbbüs əsasən Qazaxıstan dəstəyi ilə reallaşıb.

Bununla yanaşı, Qazaxıstan Rusiyanın milli maraqlarına toxunmadan və özünün prioritet maraqlarını əsas götürərək dünyanın bir çox nəhəg dövlətləri və onların şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdırlar. Odur ki, bu ölkə öz məhsullarını real bazar qiymətinə Avropaya satmaq üçün həm Rusiya marşurutundan, hə də son dövrlər, daha da aktuallaşan Azərbaycan-Gürcüstan-Türkiyə marşurutundan istifadə edir.

Qazaxıstan xarici investisiyaların həcminə görə Xəzər ətrafı ölkələrin içərisindən adambaşına düşən investisiya miqdarına görə Azərbaycandan sonra birinci yerdədir və dünyanın "Şevron", "Mobil", "BP", "BritişQaz", "Total", "ACİP", "Lukoyl", "İmpeks", "Kitaypetrol" və s. məşhur transmilli şirkətlərlə əməkdaşlıq edir.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti