...

Hüquq şirkətlərində qadınların karyerasının real mənzərəsi

Cəmiyyət Materials 3 Noyabr 2015 16:55 (UTC +04:00)
“Prinsipcə ispan qadınlar təhsilsiz olduğundan onların cəmiyyətdə baş verənlərə münasibətləri dolğun deyildir. Buna görə də onların düşüncəsi ilə manipulyasiya etmək də rahatdır”.
Hüquq şirkətlərində qadınların karyerasının real mənzərəsi

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Təsəvvür edə bilməzsiniz ki, 1931-ci ildə İspaniyada rəsmi olaraq qadınların səsvermə hüququnun tanınmasına baxmayaraq, o dövrdə parlamentdə bu məsələ müzakirə olunarkən 2 qadın deputat (Marqarita Nelken və Viktoriya Kent) qadınlara səs hüququnun verilməsinə qarşı çıxmışdılar. Bu müxalif qadınlar fikirlərini bu cür əsaslandırmışdılar: "Prinsipcə ispan qadınlar təhsilsiz olduğundan onların cəmiyyətdə baş verənlərə münasibətləri dolğun deyildir. Buna görə də onların düşüncəsi ilə manipulyasiya etmək də rahatdır".

Sosioloq Stiven Qoldberq gender bərabərliyi haqqında bunları qeyd edir: "Uşaqlıqdan ailədə oğlan uşaqlarına göstərilən diqqət fərqi nəticəsində qız uşaqlarında oğlan uşaqlarının üstünlüyü barədə yanlış təsəvvür formalaşır. Belə qəlibləşmiş düşüncə ilə böyüyən qızların gələcəkdə bu stereotipdən qurtulmağı müşkül olur. Bu səbəbdəndir ki, qadınların öz qrupları daxilində şəxsi identifikasiya hissi kişilərinkindən daha az inkişaf edir və qadınlar digər qrupun (kişi qrupu) nailiyyətlərini gərəyindən artıq qiymətləndirməklə öz nailiyyətlərini görə bilmirlər. Məsələn, akademik sahədə qadınlar öz həmcinslərinin elmi yazılarından fərqli olaraq kişilərin məqalələrinə daha çox qiymət verirlər".

Təəssüf ki, yuxarıda qeyd olunan tendensiya XXI əsrdə hələ də davam edir.

Məsələ ilə bağlı Bakı Hüquq Mərkəzinin partnyoru, vəkil Gülnar Qurbanova yeni və maraqlı bir hesabat haqqında danışıb: "Bu il ABŞ-da Hüquqşünas Qadınların Milli Assosiasiyası hüquq şirkətlərində qadınların karyerası barədə maraqlı bir hesabatla çıxış edib. Hesabata əsasən, son 15 ildə hüquq fakültələrinin məzunlarının 50%-i qadınlar olsa da, onlardan yalnız 15%-i hüquq şirkətlərində aparıcı vəzifələri tuta bilirlər".

Eyni zamanda vəkil hesabatın nəticələri barədə aşağıdakı məqamlara diqqətin yönəldilməsinin vacibliyini vurğulayıb: "Əvvəla, hüquq fakültəsinin məzunları arasında qadınların yalnız 38%-i hüquq şirkətlərində aparıcı vəzifələrə təyin olunurlar. Halbuki kişilərdə bu göstərici 62%-dir. İkincisi, rəhbər və aparıcı vəzifələrdə çalışan qadınların məvacibləri analoji vəzifələrdə çalışan kişilərinkindən 20% azdır. Daha sonra ali dövlət orqanlarında işləyən qadın hüquqşünasların faizi 20-dir. Hüquq şirkətlərində qadınların saat baxımından kişilərdən daha çox işləməsinə baxmayaraq, qadınlara saathesabı ödənilən məbləğ kişi hüquqşünaslarınkından 22% aşağıdır".

G.Qurbanova bu sahədə vəziyyətin ölkəmizdə də xoş olmadığını vurğulayıb və gənc xanım hüquqşünasların vəkillik, habelə hüquqi xidmətlərin göstərilməsi sahəsinə diqqət ayırmalarının mühüm olduğunu deyib: "Vəziyyətin düzəldilməsinin yeganə yolu xanım hüquqşünasların hüquq şirkətlərində təmsil olunma nisbətinin yüksəldilməsidir ki, buna xanım hüquqşünaslar özləri səy göstərməlidirlər. Bu gün bunun üçün bazarda imkanlar mövcuddur. Müqayisədə bazarda hüquqşünas qadınların gəlirləri digər qadın peşə sahibələrinin gəlirlərindən daha üstündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti