...

Məcburi köçkün məktəbləri üçün yeni sosial layihənin icrasına start verilib

Cəmiyyət Materials 4 Fevral 2016 12:31 (UTC +04:00)
Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində “Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində” adlı sosial layihənin təqdimat mərasimi keçirilib.
Məcburi köçkün məktəbləri üçün yeni sosial layihənin icrasına start verilib

Bakı. Trend:

Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində "Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində" adlı sosial layihənin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəbini əhatə edir. Məktəblər İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 kitabı ilə təmin olunacaq. Layihənin məqsədi qaçqın və məcburi köçkün məktəbliləri oxumağa həvəsləndirməkdir. Eyni zamanda, layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında məlumatın yayılmasına kömək edəcək.

Bildirilib ki, uşaq ədəbiyyatı üzrə mütəxəssislər arasında müzakirələrin aparılması, qarşılıqlı maraq kəsb edən digər layihələrin həyata keçirilməsi Azərbaycan ilə İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Qeyd edilib ki, İsveç Krallığının ölkəmizdəki səfirliyi Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq. Buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına salınmasına dəstəyi göstərmək olar.

Tədbirin sonunda məcburi köçkün uşaqları tərəfindən "Uzuncorab Poppi", "Damda yaşayan Karlsson" əsərlərindən səhnəciklər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti