...

Bilik Fondu Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər keçirib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2017 18:51 (UTC +04:00)
15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib.
Bilik Fondu Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər keçirib (FOTO)

Bakı. Trend:

15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə tədbirlər həyata keçirib.

Fonddan Trend-ə verilən məlumata görə, bu münasibətlə müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin əhaliyə dolğun və məzmunlu şəkildə çatdırılması üçün Bilik Fondunda, Qarabağ Regional Bilik Evində tədbirlər, Tovuz və Ağstafada “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda maarifləndirici mühazirələr təşkil olunub.

Bilik Fondunda Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Milli Qurtuluş Günü qeyd edilib. Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb. İcraçı direktor ölkədə Qurtuluş gününə qədərki tarixi-siyasi vəziyyətdən söhbət açıb, ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edib.

Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət, müstəqil siyasət” mövzusunda mühazirəsi dinlənilib. Natiq Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb: “Məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı”.

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, baş kitabxanaçısı Gülzadə Quliyeva, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin müəllimi, şairə İradə Əlili, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyət İşçilərinin İxtisasartırma Mərkəzinin şöbə müdiri Rəfiqə Nəsirova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Şücaət Piriyeva, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşviq Məmmədov və digər çıxışçılar Milli Qurtuluş Günü ilə bağlı fikirlərini söyləyiblər.

Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası və filmin nümayişi ilə davam edib.

Tovuz rayonundakı Heydər Əliyev Muzeyində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş mühazirədə Milli Məclisin üzvü Qənirə Paşayeva Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıb. Millət vəkili bildirib ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.

Ağstafa Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva məruzə edib. Məruzədə Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlinin qoyulmasından bəhs edilib.

Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər. Çıxış edənlər o dövrün siyasi-tarixi mənzərəsi barədə iştirakçılara məlumat verərək, Vətənin bu ağır dövründə, 1991-1993-cü illərdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycan tarixinin parlaq səhifəsi kimi dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti