...

Anar Cəbrayıllı: Bəziləri həyətlərə baxmağa qoymur, çünki qanunsuz su xəttindən istifadə edirlər

Cəmiyyət Materials 19 İyun 2017 19:25 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmyyəti Bakı şəhərinin fasiləsiz su ilə təmin edilməsi üçün tədbirlərini davam etdirir.
Anar Cəbrayıllı: Bəziləri həyətlərə baxmağa qoymur, çünki qanunsuz su xəttindən istifadə edirlər

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtın 81 faizə yaxın ərazisi fasiləsiz su ilə təmin edilib.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, bu gün müəyyən səbəblərdən bəzi ərazilərə fasiləsiz su vermək mümkün olmur: "Buna ya həmin ərazinin şəbəkəsi imkan vermir, ya da orada lazımi infrastruktur yoxdur. Bəzi yerlərdə insanlar özləri kustar üsullarla su xətləri çəkiblər. "Azərsu" həmin əraziyə su verəndə xətlər suyu daşımaq gücündə olmur və ya tez-tez qəzalar baş verir. Buna görə də həmin ərazilərə fasiləsiz su verə bilmirik".

A.Cəbrayıllı bildirir ki, bəzi ərazilərə isə fasiləsiz su verilməməsinin səbəbi həmin yerlərdə yaşayışın həddindən çox artmasıdır: "Məsələn, elə ərazilər var ki, orada sovet dönəmində yaşayış massivi salınıb və həmin massivə uyğun da su xətləri, su anbarları inşa edilib. Amma indi həmin ərazidə evlərin, mənzil və obyektlərin sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Həmin məntəqənin fasiləsiz su ilə təmin edilməsinə isə bizim şəbəkəmiz imkan vermir. Hazırda bu istiqamətdə işlər gedir, Bakının tam olaraq fasiləsiz su ilə təmin edilməsi üçün tədbirlər davam etdirilir".

Qurum rəsmisi qeyd edib ki, 2010-cu ildə Bakı əhalisinin təqribən 35 faizi fasiləsiz su ilə təmin olunduğu halda, bu gün bu rəqəm 81 faizə çatdırılıb: "Bu yaxınlarda Bakının Kürdəxanı qəsəbəsinin 24 saat su ilə təmin olunması ilə bağlı yeni şəbəkə qurulub və artıq qəsəbə tam olaraq fasiləsiz su ilə təmin olunur. Bundan başqa, Pirallahı rayonunun 90 faizindən çoxu hazırda fasiləsiz su alır. Bəzi yaşayış massivləri isə var ki, oranı 24 saat su ilə təmin etmək üçün şəbəkəmiz də var. Amma həmin ərazidə həyət evləri çoxluq təşkil etdiyindən su itkilərimiz çox olur. Elə ailələr var ki, suyu sayğacsız istifadə edir, adambaşına müəyyən olunmuş aylıq məbləği ödəməklə suyu israf edir. Əsasən sayğacsız mənzillərə su verilməsində problemlər yaşayırıq. Çünki həmin ərazilərdə çox böyük itkilərimiz olur".

A.Cəbrayıllı bildirib ki, bəzi həyət evlərində oğurluq su xətləri çəkirlər: "Elə fərdi yaşayış evləri var ki, bizə həyətlərə baxış keçməyə belə icazə vermirlər, çünki qanunsuz olaraq su xətti istifadə edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti