...

Azərbaycanda eşitmə qüsurlu insanlar üçün vəsait ayrılması təklif olunur

Cəmiyyət Materials 8 Noyabr 2017 12:34 (UTC +04:00)
Azərbaycanda eşitmə qüsurlu insanlara yardım məqsədilə vəsait ayrılması təklif olunur.
Azərbaycanda eşitmə qüsurlu insanlar üçün vəsait ayrılması təklif olunur

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda eşitmə qüsurlu insanlara yardım məqsədilə vəsait ayrılması təklif olunur.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.

Ə.Əmiraslanov son illərdə səhiyyə sahəsində çox ciddi proqramlar həyata keçirildiyini bildirib. Bu proqramlar üçün ayrılan vəsaitlər üzrə 4,8 faiz artım proqnozlaşdırılır. Bununla belə, o deyib ki, ölkədə hər il eşitmə qüsurlu 100-120 uşaq dünyaya gəlir: "Bu uşaqlar dünyaya gəldikdən qısa müddət sonra əməliyyat olunmasalar, ömürboyu lal və kar qalırlar. Bu sahəyə də vəsait ayrılmalıdır – təxminən 1,5-2 milyon manat. Ancaq transplantların alınmaması, olmaması 150 insanın bədbəxtliyinə gətirib çıxarır".

Komitə sədri orqan transplantasiyasına da toxunaraq bildirib ki, hazırda ölkədə xeyli insana orqan transplantasiyası üzrə əməliyyatlar aparılır: “Bu xəstələr ömür boyu antidepresant deyilən preparatlar alırlar. Bu preparatların qiyməti son dərəcədə yüksəkdir – bir ayda təxminən 3000-3500 manat. Bu gün bu xəstələr lazımi dərmanları ala bilməsələr, orqanlarda qopma baş verəcək və onların həyatı yenə təhlükə altına düşəcək. Bu istiqamətdə də vəsait ayrılması yaxşı olardı".

O əlavə edib ki, səhiyyə sahəsinə ayrılan vəsait çərçivəsində bu məsələləri həll etmək mümkün deyil.

Ə.Əmiraslanov qeyd edib ki, onkoloji xəstəliklər üçün şiş əleyhinə preparatların alınması üçün artıq neçə ildir dövlət başçısının göstərişi ilə vəsait ayrılır:

“Bu il də həmin vəsait ayrılıb. Ancaq indi bu preparatlar son dərəcə bahalaşıb. Hazırda dünyada hədəf tipli müalicə üsulları və preparatlar çıxıb ki, bu da onkoloji xəstəliklərin müalicəsində inqilabi addımdır. Praktiki olaraq bu preparatların köməyi ilə yayılmış formada olan, son mərhələdə olan onkoloji xəstələrə kömək etmək mümkün olur. Ona görə də bu preparatların alınması üçün ayrılmış vəsaitin də artırılması zəruridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti