...

Cəlilabadda ənənəvi İslam dəyərlərinin təbliği və radikal cərəyanlarla mübarizə müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2018 17:00 (UTC +04:00)

Bakı. Trend:

Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərlərinin təbliği və radikal dini cərəyanlarla mübarizə” mövzusunda konfrans keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dilarə Əliyeva konfransı açaraq, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı Bilik Fondu və Dövlət Komitəsinin gerçəkləşdirdiyi maarifləndirici layihələri xatırladıb, xüsusən müxtəlif mövzularda mühazirələrin mütəmadi təşkil olunduğuna diqqət çəkib, belə tədbirlərin sistemli şəkildə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Konfransda “Radikal dini cərəyanlarla mübarizə hüquqi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli-mənəvi dəyərlərin hər bir xalqın milli kimliyinin müəyyən edilməsində əsas meyarlardan biri olduğunu qeyd edib, islami dəyərlərin milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi dəyərləndirib. O, daha sonra milli-mənəvi dəyərlərin konstitusion-huquqi əsaslarından söz açıb. Bildirib ki, qloballaşma şəraitində bu dəyərlərinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İ.Vəliyev çıxışında “Dini ekstremizimlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun bəzi müddəaları ilə bağlı şərhlər verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Cahandar Əlifzadənin çıxışı “Dini radikalizm və islami dəyərlər” mövzusunda olub. İslam dininin barışıq, qardaşlıq dini olduğundan bəhs edən şöbə müdiri, bu dinin müasir dünya elminə əsaslı töhvələr verdiyini vurğulayıb və müasir dövrdə islam pərdəsi altında fəaliyyət göstərməyə çalışan radikal qrupların islami dəyərlərlə heç bir əlaqəsi olmadığını konkret faktlarla diqqətə çatdırıb.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, Ağsaqqallar Şurasının üzvü Hacıağa Heydərov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkklinin (Ombudsmanın) regional mərkəzinin şöbə müdiri Ziya İsmayılov və digərləri maraqlı təkliflərlə çıxış edərək, yerli əhalini aktual mövzuda maarifləndirən təşkilatçı qurumlara təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti