...

Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2018 18:15 (UTC +04:00)
Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-ci il 15 sentyabrda Bakının düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konfrans keçirib.

Trend-in məlumatına görə, Şuranın icraçı direktoru Fərasət Qurbanov Bakının işğaldan azad olunması hadisəsinin XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib. F.Qurbanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Osmanlı hökuməti ilə dostluq müqaviləsi imzalayıb: "Sənəddə qeyd olunurdu ki, “ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öz üzərinə götürür”. Osmanlı hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yenicə yaranan qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Qafqaz İslam Ordusu ərazilərimizin işğaldan azad edilməsi istiqamətində hərəkətə keçir. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilir".

İcraçı direktor bildirib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı: "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsi ilə dövlətimizin qarsısındakı böyük təhlükə sovuşmuş oldu. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakının azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq".

F.Qurbanov həmçinin deyib ki, Azərbaycan xalqının döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

"Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, 100 ildən artıq müddətdə ordusu olmayan, hərbi xidmətə çağrılmayan xalq daşnak-bolşevik qoşunlarına qarşı vuruşa-vuruşa özünə ordu qurdu: "Qafqaz İslam Ordusunun qurulması eyni zamanda türk-müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış oldu. 14 sentyabrdan başlayaraq 36 saatlıq savaşdan sonra Bakı işğaldan azad olundu. Təsadüfi deyil ki, Bakısız Azərbaycan başsız bədənə bənzədilirdi. Bu, bir daha Bakının Azərbaycanın üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir".

AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə isə konfransda “Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzusunda məruzə edib. E.Kəlbizadə deyib ki, Azərbaycan Milli Şurası, ziyalılarımız dövlətimizin varlığı üçün Azərbaycana milli mənafe baxımından ən yaxın dövlətlə - qardaş Osmanlı dövləti ilə əməkdaşlığa getdilər və bununla da Azərbaycanın müstəqilliyini, ərazilərinin işgaldan azad olunmasını təmin etdilər: “Bakı işğaldan azad olunduğuna və milli hökumətimiz bura köçdüyünə görə Birinci Dünya müharibəsinin qaliblərindən olan ingilislərin hərbi birləşmələri paytaxtımıza gələndə Cümhuriyyəti de-fakto qanuni hökumət kimi qəbul etməli oldular. Qafqaz İslam Ordusunun bu zəfərini, tarixi xidmətini unutmaq mümkün deyil”.

Filmin rejissoru Elşən Qəni bildirib ki, film o dövrün ən az tədqiq olunmuş hadisəsinə, Azərbaycan tarixinin çox şanlı səhifələrindən birinə - Müsüslü döyüşlərinə həsr olunub.

Filmin ideya müəllifi olan Şura üzvü Sahib Məmmədov deyib ki, Şuranın maliyyə dəstəyi ilə Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyinin “Bakının düşmən işğalından azad olunmasına açılan yol: Müsüslü döyüşü” adlı layihəsi çərçivəsində hazırlanan bu film XX əsr tariximizin mühüm bir səhifəsinin qaranlıq məqamlarının aradan qaldırılmasına və obyektiv həqiqətlərin təbliğinə həsr edilib: “48 gün davam edən Müsüslü döyüşü nəinki o vaxtkı Cümhuriyyət dövrünün, həm də bugünkü Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edib”.

Sonra “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin nümayiş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti