...

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2018 20:12 (UTC +04:00)
Bilik Fondu Bilik Günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil edib
Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib (FOTO)

Bakı. Trend:

Bilik Fondu Bilik Günündə 130 məkanda maarifləndirici mühazirələr təşkil edib.

Fonddan Trend-ə verilən məlumata görə, “2018-ci ilin Azərbaycan Respublikasında Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri ənənəvi olaraq, Bilik Günündə gerçəkləşib. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi və Bilik Fondunun birgə təşkilatçılığı ilə Fondun Lektorlar qrupunun üzvü olan tanınmış ictimai xadimlər, müxtəlif bölgələrin elm-təhsil müəssisələrində şagirdlərlə görüşüblər. Onlar görüşlərdə Fondun "İlboyu bilik" proqramı çərçivəsində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda mühazirələrlə çıxış ediblər.

15-17 sentyabr 2018-ci ildə Bilik Fondu Bakı şəhəri və Azərbaycanın bölgələrində fəaliyyət göstərən 129 orta təhsil müəssisəsində 128 alim, tədqiqatçı və mütəxəssisin iştirakı ilə 130 mühazirə təşkil edib.

Mühazirələrə Bilik Fondu və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə razılaşdırılmış qaydada AMEA-nın alim və tədqiqatçıları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ali məktəb müəllimləri, millət vəkilləri, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Bilik evlərinin rəhbərləri, Fondun əməkdaşları cəlb olunublar. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas, peşə və ali təhsil, həmçinin, Bilik Fondunun yerli nümayəndələrinin rəhbərlik etdikləri bir sıra orta təhsil müəssisələrində şagirdlərlə keçirilən görüşləri dinləyicilər böyük maraqla qarşılayıblar.

2018-2019-cu tədris ilinin ilk dərs günü “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” və “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzularında mühazirələr paytaxtın 47, şəhər və rayonların 54, qəsəbə və kəndlərin 28 orta təhsil müəssisəsində keçirilib.

AMEA-dan 26 alim və tədqiqatçı, ali məktəblərdən 16 əməkdaş, 8 millət vəkili, 6 akademik (AMEA – 5, BDU - 1), 12 professor, elmlər doktoru, 32 dosent, fəlsəfə doktoru, 14 jurnalist, Bilik Fondunun 52 yerli nümayəndəsi, 11 əməkdaşı və Bilik evlərinin 5 əməkdaşı tədbirlərdə mühazirəçi qismində iştirak edib.

Mühazirələr Aran bölgəsində 18, Qərb bölgəsində 13, Cənub bölgəsində 8, Şimal bölgəsində 13, Qarabağ bölgəsində 20, Dağlıq Şirvan bölgəsində 6 və Bakı-Abşeron bölgəsində 52 məkanda gerçəkləşib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin Bakı şəhəri Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə, AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun Bakı Oksbric Akademiyasında, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Məhəmməd Mehdiyevin Laçın rayonu 5 nömrəli tam orta məktəbdə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun Qusar rayonu B.Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbdə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanovun A.Hüseynzadə adına Bakı şəhəri 20 nömrəli məktəb-liseydə, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlının Nərimanov rayonu 36 nömrəli tam orta məktəbdə, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərlinin 46 nömrəli tam orta məktəbdə, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin 132-134 nömrəli tam orta məktəbdə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Zəngi " liseyində, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının İctimai İaşə Xidmət üzrə Dövlət Peşə Təhsil Mərkəzində, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərovun Xətai rayonu 269 nömrəli tam orta məktəbdə, Milli Məclisin üzvləri Dilarə Cəbrayılovanın Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə, Aydın Mirzəzadənin İ.Əfəndiyev adına Elitar Gimnaziyada və digər mühazirəçilərin müxtəlif elm-tədris müəssisələrində söylədikləri mühazirələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədris ilinin ilk günündə Bilik Fondunun təşkilatçılığı ilə gənclərlə və yerli sakinlərlə görüşən ziyalılar tam orta, orta ixtisas, peşə və ali təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edərək, ö dövrün mənzərəsini canlandırmağa çalışıblar. Natiqlər bildiriblər ki, müsəlman şərqində və türk dünyasında ilk müstəqil respublikanın məhz Azərbaycanda qurulması, bütün çətinliklərə baxmayaraq, 23 ay yaşaması tariximizin şanlı səhifəsidir. Hər bir azərbaycanlı bu tarixi dərindən öyrənməli və böyük dövlətçilik ənənəsi olan Azərbaycanın vətəndaşı olması ilə fəxr etməlidir.

Görüşlərdə o da xüsusi vurğulanıb ki, müstəqil dövlətimiz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən öz tarixi uğuruna qovuşub və Azərbaycan ikinci dəfə müstəqil olub. "Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir" deyən Ulu öndər xalqın ruhunu, gələcək nəsillərin vətənsevərliyini nəzərə alıb belə bir qənaətin danılmaz olduğunu bildirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan regionda lider dövlətə çevrilib. Elə bir regional layihə yoxdur ki, Azərbaycanın razılığı, imzası olmadan gerçəkləşsin. Artıq bütün dünya Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycanı tanıyır və qərarlarına hörmətlə yanaşır.

Mühazirəçilər Prezidentin imzası ilə 2018-ci ilin Azərbaycanda "Xalq Cümhuriyyəti İli" elan olunduğunu xatırladaraq, bu çərçivədə görülən işlərdən danışıblar, xüsusilə, Bilik Fondunun keçirdiyi tədbirlər barəsində məlumat veriblər.

Ölkə ərazisində “Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda keçirilmiş maarifləndirici mühazirələrdən 15 mindən çox dinləyici – tələbələr, şagirdlər, müəllimlər faydalanıblar.

Bilik Fondu yenicə fəaliyyətə başladığı 2014-cü ildən etibarən, hər il Bilik Günündə maarifləndirici tədbirlərin təşkilatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti