...

Nicdə Bilik Fondunun “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyi fəaliyyətə başladı

Cəmiyyət Materials 8 Oktyabr 2018 15:24 (UTC +04:00)
Nicdə Bilik Fondunun “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyi fəaliyyətə başlayıb
Nicdə Bilik Fondunun “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyi fəaliyyətə başladı

Bakı. Trend:

“Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi azərbaycançılıq, multikulturalizm, tolerantlıq ideyalarının təbliği, yayılması, bu istiqamətlərdə maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir”.

Bu fikirlər dünyada udilərin yığcam məskunlaşdıqları yeganə yaşayış məskəni olan Qəbələ rayonunun Nic qəsəbəsində Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayan “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyinin ilk məşğələləri ilə bağlı tədbirdə və Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri ilə yerli gənclərin görüşündə səslənib.

Trend-in məlumatına görə, Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycançılıq - bizi birləşdirən dəyər” mövzusunda çıxışında vurğulanıb ki, ölkəmizdə və dünyada tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində udilərlə bərabər çox sayda azərbaycanlı, ləzgi və digər ailələr əsrlər boyu mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətlərinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycan dövlətinin müxtəlif xalqların milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqət və qayğı göstərdiyi bu qəsəbənin nümunəsində aydın görünür. Bilik Fondunun fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi layihələrdə udi gəncləri və ziyalılarının fəal və ardıcıl iştirakı faktlarla diqqətə çatdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian dini icmasının dəstəyi ilə Bilik Fondunun təşkil etdiyi təlim kursunun da azsaylı xalqların milli, dini özünəməxsusluğunun qorunub saxlanmasına və Azərbaycan cəmiyyətinə daha sıx inteqrasiyasına yeni imkanlar yaratdığını bildirən sektor müdiri kurs dinləyiciləri və dərnək üzvlərini Fondun rəhbərliyi və kollektivi adından təbrik edib və onlara uğurlar arzulayıb.

Rayon İcra Hakimiyyətinin Nic qəsəbəsi üzrə icra nümayəndəsi İbrahim Məmmədov, Alban-Udi Xristian icmasının sədri Robert Mobili, “Cotari” alban kilsəsinin dini rəhbəri Rafik Danakari və başqaları çıxış edərək, Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə multikultural və tolerant mühitin yarandığını, Bilik Fondunun Nicdə həyata keçirdiyi layihələrin səmərəli nəticələr verdiyini minnətdarlıqla qeyd ediblər.

Bakı Dövlət Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələri “Cotari” alban kilsəsində, Dini-Maarifləndirmə Mərkəzində olublar. Bildirilib ki, Bilik Fondunun dəstəyi ilə qurulan kitabxana hazırda qəsəbə sakinlərinin ən çox üz tutduğu maarifləndirici məkanlardan biridir.

Qəsəbədə açıq səma altında 3 hektar sahədə yeni yaradılmış unikal məkan - “Azərbaycan Udi Ocağı” Mədəniyyət Mərkəzi ilə tanışlıq da “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu üzvlərinin yaddaşında silinməz iz qoyub.

Muzeyin qurucusu, dünya şöhrətli memar-rəssam Şahvələd Məmmədov qonaqları salamlayaraq, onları park-muzeylə tanış edib. Əsərləri Almaniya, Rusiya, Avstriya, Türkiyə və başqa ölkələrdə sərgilənən, YUNESCO-nun Türk Dünyası təmsilçisi olan Ş.Məmmədov Bilik Fondunun layihələrində iştirak etməyə hazır olduğunu bildirib.

Bilik Fondu əlaqədar dövlət qurumlarının dəstəyi ilə tələbələrin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Çuxur Qəbələ Arxeologiya Mərkəzinə də səfərini təşkil edib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Elmira Cəfərova tələbələrə Qəbələnin Alban-Azərbaycan tarixində yeri, rolu, burada aparılan son arxeoloji tədqiqatların aşkar etdiyi elmi yeniliklər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirib ki, 800 il Albaniyanın paytaxtı olmuş Qəbələdə arxeoloji tədqiqatlar 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə aparılır. Son illərdə azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb.

Qəbələ-Kabala şəhərinin yerləşdyi tarixi ərazini gəzən tələbələrin çoxsaylı suallarını cavablandıran arxeoloq-alim Prezident İlham Əliyevin 22 sentyabr 2014-cü ildə Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak etdiyini qeyd edib. Qafqazda ilk insan məskənlərindən olan bu ərazidə dövlət başçımızın tapşırığı və himayəsi ilə genişmiqyaslı elmi-tədqiqat işləri davam edir.

Ekskusiya iştirakçıları Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olmuş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ötən il haqq dünyasına qovuşmuş professor İlyas Babayevin xatirəsini də ehtiramla yad ediblər.

Çuxur Qəbələ arxeoloji sahəsi dünya arxeoloqlarının da diqqət mərkəzindədir. İtaliya və Almaniyadan gəlmiş turistlər, elm adamları da həmin gün tarixçi tələbələrlə Qoruqda birlikdə gəzib, təəssüratlarını gənclərlə bölüşüblər. Qoruğun mühafizə bölməsindən verilən məlumata görə, bu ilin əvəlindən muzeyə gələn xarici turistlərin sayı 12 mini keçib.

Bilik Fondunun maarifçilik fəaliyyətində əsas istiqamətlərdən biri də böyüməkdə olan nəslin vətənsevərliyini, müstəqil dövlətçiliyimizə məhəbbətini yüksəltmək, onları ölkəmizin gəzməli, görməli yerləri ilə tanış etməkdir.

Bakı Dövlət Universitetinin Türkiyədən olan 3-cü kurs tələbəsi Oğuz Bayraktar paytaxt Bakıdan kənara ilk dəfə çıxdığını, Qəbələnin füsunkar təbiəti ilə əyani tanışlığın və qədim tarixinə ekskursiyanın yaddaşında silinməz iz buraxdığını bildirib, əlavə edib ki, Bilik Fondunun reallaşdırdığı ekskursiyanın Qobustandakı Acıdərə Türk Şəhidliyini ziyarətlə başlaması, 100 illik yubileyini Türkiyə və Azərbaycanın birgə bayram etdiyi Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu barədə aldığı informasiya onu mütəəssir edib və təəssüratlarını Türkiyədəki dostları, doğmaları ilə bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti