Bakı. Trend:
Bu gün “Azərkosmos” ASC-də B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə “Qan ver, həyat bəxş et!” şüarı altında qanvermə aksiyası keçirilib.
ASC-dən Trend-ə verilən məlumata görə, şirkətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirilən aksiya Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunub. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilib. Könüllülük prinsipi əsasında keçirilən aksiyada “Azərkosmos”un əməkdaşları ilə bərabər, “Azərpoçt” MMC-nin əməkdaşları da iştirak edib.
Dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də qan donorunun sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sisteminə müsbət təsir göstərir.