...

Aİİ-də “Müasir dünyada kamil insan nümunəsi” mövzusunda konfrans olub (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2018 08:24 (UTC +04:00)
Səbahətdin Zaim Universitetinin Mənəvi konsultasiya və rəhbərlik kafedrasının müdiri Turqay Şirinin seminarı təşkil olunub.
Aİİ-də “Müasir dünyada kamil insan nümunəsi” mövzusunda konfrans olub (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Müasir dünyada kamil insan nümunəsi” mövzusunda İstanbulun Səbahətdin Zaim Universitetinin Mənəvi konsultasiya və rəhbərlik kafedrasının müdiri Turqay Şirinin seminarı təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayıb. O bildirib ki, İnstitutun müxtəlif mövzularda “dəyirmi masa”lar, təlimlər, seminarlar, görüşlər keçirməsində məqsəd tələbələrin intellektual səviyyəsinin inkişafı, onların tədris prosesində və elmi-tədqiqat işlərinin hazırlanmasında fəallığının artırılmasıdır. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, belə tədbirlərin tələbələrdə dünyagörüşünün, mütaliənin aşılanmasında, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını vurğulayıb.

İstanbulun Səbahətdin Zaim Universitetinin Mənəvi konsultasiya və rəhbərlik kafedrasının müdiri Tuncay Şirin “kamil insan” məfhumu haqqında İslam alimlərinin müxtəlif nəzəriyyələri haqqında geniş məlumat verib.

Kamil insanın xüsusiyyətləri haqqında danışan T.Şirin bildirib ki, Allahın birliyinə qəlbən inanıb ona səmimiyyətlə ibadət edən, Ulu Tanrının öz bəndəsində görmək istədiyi mərhəmət, şəfqət, ədalət, doğruluq, comərdlik və digər yüksək əxlaqi sifətlərə malik olan, nəfsini özünə ram edən insan – “mükəmməl insan”dır.

O qeyd edib ki, kamilliyə doğru can atan insan ifrata varmadan dünyanın halal nemətlərindən bəhrələnməli, həm də axirət barəsində düşünərək əbədi səadətini öz əməlləri ilə dünyada qazanmalıdır.

T.Şirin “müasir” və “ideal insan” kimi sözlərlə ifadə edilən “kamil insan”ın müxtəlif təfəkkürlərdə özünəməxsus tərif və xüsusiyyətlərə malik olduğunu bildirib: “Quranın nəzərdə tutduğu “kamil insan”ın ən mühüm fərqləri onun Allah və mənəviyyatla bağlılığından ibarətdir”.

Seminar tələbələrin və qonaqların mövzu ətrafında müzakirələri ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti