...

Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2019 10:38 (UTC +04:00)
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın 80 illik yubileyi münasibətilə xatirəsi anılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Trend-in məlumatına görə, bu münasibətlə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova, Səhiyyə naziri Oqtay Şirəliyev II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Aida İmanquliyeva kimi dəyərli bir ziyalının vaxtından tez dünyasını dəyişməsi həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də ümumilikdə Azərbaycan elmi üçün böyük itki olub: “Aida xanım kimi şərqşünaslıq sahəsində öz sözünü deyən, elmi fəaliyyəti ilə tanınan Azərbaycan qadınının olması çox böyük nailiyyətdir. Aida xanım Azərbaycan elminə çox böyük töhfələr verib. O, tanınmış alim olmaqla yanaşı, çox gözəl bir pedaqoq idi. Aida xanım böyük bir məktəb yaratdı və bu gün də onun davamçıları var”.

A.İmanquliyevanın Azərbaycanda ilk qadın-ərəbşünas elmlər doktoru olduğunu xatırladan H.Hüseynova qeyd edib ki, dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida xanım bu problemə "Mixail Nuaymə və Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyaları və 70-dən artıq elmi məqalə həsr edib. Onun rəhbərliyi ilə şərq filologiyası üzrə toplular və ərəb ədəbiyyatı nümunələrinin tərcümələrindən ibarət kitablar işıq üzü görüb.

Komitə sədri bildirib ki, Aida xanım tanınmış bir alim olmaqla yanaşı, gözəl ana, həyat yoldaşı və nənə idi: “Çox təəssüf olsun ki, Azərbaycanda elm sahəsində bunların hamısını özündə birləşdirən çox az sayda qadın var. Biz ona çox minnətdarıq, bu minnətdarlıq təkcə onun elmi fəaliyyətinə görə deyil, həm də ona görədir ki, Aida xanım bizim cəmiyyət, ölkəmiz üçün iki gözəl xanım bəxş edib və bu gün onlar Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Onların hər biri bu gün öz sahəsi üzrə fəaliyyət göstərərək Aida xanımın davamçısı olduğunu bir daha göstərirlər. Nərgiz xanım şərqşünaslıq elmi üzrə fəaliyyət göstərməsə də, məşğul olduğu elm sahəsində öz sözünü deyə bilmiş bir akademikdr. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında saatlarla danışmaq olar. Bütün bunlar onların Aida xanımdan tərbiyə almasının nəticəsidir. Bu gün bir çox gənc qızlar onlardan nümunə götürərək formalaşır, inkişaf edirlər. Biz onlara daim minnnətdar olacağıq, Aida xanıma isə Allahdan rəhmət diləyirəm, qəbri nurla dolsun. O, daim ürəyimizdə yaşayacaq”.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru Nailə Vəlixanlı Aida İmanquliyeva haqqında daim xoş sözlərin deyilə biləcəyini vurğulayıb: “Biz onun ölümünə bu gün də heyfsilənirik. Biz alimlə yanaşı, bir dost, bir həmkar itirmişik. Ərəb ədəbiyyatını onun kimi bilən bəlkə də çox az insan var. O, özündən sonra çox gözəl elmi əsərlər, gözəl övladlar qoyub getdi”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanda alim qadınların sayı çoxdur və onların sayı gündən-günə artır. Amma o dövrdə Aida xanım qədər beynəlxalq səviyyədə tanınan, öz elmi əsərləri ilə beynəlxalq elm aləminə səs salan ikinci bir qadın tapmaq çətin olardı: "Aida İmanquliyevanın ərəb-məhcər ədəbiyyatına həsr etdiyi tədqiqatları bu gün də öz aktuallığını itirməyib. Onun tədqiqat obyektləri bu gün də böyük maraq doğurur. Onlardan əxz olunan ideyaları inkişaf etdirən çoxsaylı tədqiqatlar mövcuddur”.

G.Məmmədova Aida İmanquliyevanın Azərbaycanın gənc alim qadınları üçün bir örnək olduğunu da söyləyib: “O, həm çox ağıllı, qürurlu qadın kimi, həm də həyatında elmə çox böyük diqqət ayıran insan kimi qadın alimlərimiz üçün bir örnəkdir. Aida xanım elmlə məşğul olsa da, ailəsini heç zaman diqqətdən kənarda qoymayıb. O, öz övladlarına lazımi qədər ana qayğısı göstərən bir qadın olub. Çox təəssüf ki, belə bir insanın ömrü bu qədər qısa oldu”.

Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Üç monoqrafiya ("Mixail Nuaymə və Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti