...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “AzeriMed”-i Fəxri Fərmanla təltif edib

Cəmiyyət Materials 19 Dekabr 2020 15:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “AzeriMed”-i Fəxri Fərmanla təltif edib

Bakı. Trend:

Sentyabrın 27-də Qarabağ uğrunda Vətən müharibəsi başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu böyük Zəfər çaldı. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi.

Bu çətin günlər ərzində bütün Azərbaycan bir yumruq kimi birləşdi. Hər zaman dövlətimizin, ordumuzun və Prezidentimiz İlham Əliyevin yanında olan “AzeriMed” QSC kollektivi ümumi qələbəmiz üçün Vətənimizə dəstəyini, qayğısını, fədakarlığını əsirgəmədi.

Vətən Müharibəsi həm də dünyaya ağır günlər yaşadan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Çətinliklərə baxmayaraq “AzeriMed” ailəsi ‘’Hər şey Vətən üçün’’ deyərək hər iki cəbhədə fəal mübarizəyə qoşuldu.

Hər bir Azərbaycan vətəndaşı kimi “AzeriMed” QSC-nin əməkdaşları da müqəddəs, tarixi torpaqlarımız uğrunda döyüşlərə böyük qürur hissi, ruh yüksəkliyi və mütəşəkkil şəkildə qoşuldu. Qısa müddətdə şirkətin ayrı-ayrı bölmələrində çalışan 48 əməkdaş könüllü və rəsmi çağırışçı kimi ordu sıralarına yola düşdü.

’’AzeriMed’’ QSC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları da davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərildi. Ölkəmizin çətin və əzm dolu günlərində dövlətimizin, ordumuzun yanında olan şirkət işçiləri də ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşularaq Azərbaycan Ordusuna Dəstək Fonduna 250 min manat ianə toplayıb təhvil verdilər.

Bundan əlavə, şirkət müharibə zonasına yaxın ərazilərdə yaşayan əhaliyə COVİD-19 ilə mübarizə üçün təmənnasız olaraq çoxlu sayda tibbi maska, dezinfeksiya və gigiyena vasitələri göndərdi. Həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatlarının Azərbaycan Ordusunun sərəncamına davamlı şəkildə göndərilməsi təmin olundu.

Şirkətin 48 könüllüsündən biri - İlkin Ağakişiyev müharibədə qızğın döyüşlər zamanı ağır yaralanaraq Şəhidlik zirvəsinə ucaldı. İlkin əbədi olaraq, AzeriMed-in fəxri və unudulmaz əməkdaşı kimi daim qəlblərdə yaşayacaqdır!

Onu da qeyd etmək lazımdır ki, bu günlərdə “AzəriMed” QSC rəhbərliyi ölkə Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 100 min manat ianə etdi

“AzeriMed” QSC-nin dövlət, xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Şirkət Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı ordumuzun tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla təminatına verdiyi layiqli töhfəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Müharibə dövründə fəaliyyətimizə verdiyi dəyər üçün Müdafiə Nazirliyinə öz minnətdarlığımızı bildiririk.

Şirkət rəhbərliyinin və əməkdaşların bu uğura, böyük qiymətə bir cavabı var:
Azərbaycan Respublikasına xidmət edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti