...

Müharibədən zərər çəkənlər arasında dil tutulmaları və danışmaq istəməyənlərlə çox rastlaşırıq - Türkiyəli psixoloq

Cəmiyyət Materials 5 Fevral 2021 12:22 (UTC +04:00)
Müharibədən zərər çəkənlər arasında dil tutulmaları və danışmaq istəməyənlərlə çox rastlaşırıq - Türkiyəli psixoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Psixoloji terapiyadan keçmək üçün müraciət edən müharibədən zərər çəkənlər arasında dil tutulmaları və danışmaq istəməyənlərlə çox rastlaşırıq.

Bunu Trend-ə müharibədən zərər çəkənlərə psixoloji yardımın göstərilməsi üçün Türkiyədən ölkəmizə gəlmiş psixoloqlar qrupunun rəhbəri Səlcuq Dəmirbaş deyib.

Onun sözlərinə görə, müraciət edənlərdə eşitmə problemi, aqressivlik, eyni zamanda depressiya, panik-atak kimi psixoloji xəstəliklər, ürək döyüntüsünün dəyişməsi, nəfəs çatışmazlığı, boğulma hissi, əllərdə tərləmə və titrəmə, çox şiddətli baş ağrıları da ən çox rast gəldikləri simptomlar arasındadır.

S.Dəmirbaş qeyd edib ki, müharibə zamanındakı savaş səslərinin müharibədən sonra insan psixologiyasına dərin təsirləri olur.

Psixoloq qeyd edib ki, travma terapiyası bir sistem halında müalicə edilir. Əvvəlcə mənfi duyğular aradan qaldırılır:

“Mənfi duyğular deyərkən yaşanan ağır streslər, hirs, nifrət nəzərdə tutulur. Daha sonra şüurda və şüur altında olan səhnələr, fotolar, gözlərini yumduqları zaman gözləri önünə gələn mənfi səhnələrin silinməsinə çalışılır. Güllə, bomba səsləri, insan səsləri də beyində bir travma halına gəlir. Terapiyanın növbəti mərhələsində şüur altındakı bu səslər də silinir”.

S.Dəmirbaş qeyd edib ki, bu mənfi səhnələr, səslər şüur altından silindikdən sonra zərərçəkənlərə müsbət duyğular haqqında danışılır və onlara müsbət aura aşınılır: “Çünki müharibədə hər nə qədər ağır stress yaşasa da, ortada bir qəhrəmanlıq, qürur duyulacaq bir hadisə var. Sadəcə, qazilərin özləri ilə deyil, şəhid yaxınlarının da öz övladları ilə qürur duyması lazımdır”.

S.Dəmirbaş əlavə edib ki, apardıqları terapiya sayəsində danışa bilməyən 10-15 nəfərin danışması 80 faiz geri qaytarılıb, eşitmə pozulmaları yarıbayarı bərpa edilib.

Psixoloq qeyd edib ki, 2-3 terapiyadan sonra yuxusuzluq aradan qaldırılır. İnsan yatan zaman stress azaldığından bu problem də getdikcə azalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti