Bakı. Trend:
Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan məhkəmədən söz istəyib. Məhkəmə təqsirləndirilən şəxsin istəyini təmin edib.
Təqsirləndirilən Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib: “Mənim görüşlərim gizli olmayıb. Normal görüşlərimiz olub. Görüşdüyümüz məkanlar da açıq şəkildə olub. Həmin görüşlər gizli olsaydı, məkanlar da açıq şəkildə olmazdı”.
Daha sonra təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Məlum olub ki, Azad Məmmədli bakalavr təhsilini Rusiyada,
magistr təhsilini Fransada alıb. İşləmək üçün Türkiyəyə gəlsə də,
iş tapmadığı üçün ölkəyə qayıdıb. Daha sonra Moskvada təcrübəçi
kimi iki ay hüquqşünas kimi şirkətlərin birində çalışıb. Sonra
Fransada İT şirkətində müqavilələr üzrə mütəxəssis vəzifəsində
çalışsa da, burada əməkdaşlığı uzun sürməyib və o, ölkəyə qayıdaraq
banklardan birinin Hüquq departamentində hüquqşunas vəzifəsində
çalışıb. Onun bankla əməkdaşlığı uzunmüddətli olmayıb və o, xarici
ölkələrə gedərək orada çalışıb.
Azad Məmmədli ifadəsində qeyd edib ki, fransız dilini
təkmilləşdirmək üçün “28 May” metrosunun yanında yerləşən kursa
gedib: “Bir müddət sonra həmin kursda fransız dilini mənə tədris
edən Z.M.-lə dostlaşdıq. Sonra bulvarda gəzərkən Z.M.-lə
rastlaşdım. Həmin görüş zamanı Z.M. Martin Ryanla məni tanış etdi
və mənim onun tələbəsi olduğumu Martinə dedi. Tanışlıqdan sonra
kafedə görüşdük. Azərbaycanda və Fransada iş tapılması
məsələlərindən danışdıq. Bir müddət sonra Martin mənə zəng edərək
öz evində baş tutan qonaqlığa dəvət etdi. Həmin qonaqlıq zamanı mən
Frederik Devosla tanış oldum. Həmin tanışlıq nəticəsində mənim
Frederik Devosla görüşüm baş tutub. Frederik Devos mənim Rusiyada
aldığım təhsillə, siyasi analiz qabiliyyətimlə maraqlanırdı. Devos
məndən Rusiya ilə bağlı analizlərimi yazmağımı istədi. Lakin mən
bundan imtina etdim. Sonra Frederik Qırğızıstanda baş tutacaq
Avrasiya İqtisadi Forumu haqqında suallar verdi. Sonra o məndən
yazılı məlumatlar istəsə də, mən yazılı məlumat verməyəcəyimi, bunu
məndən bir daha istəməməsini tələb etdim. Yanlız görüş zamanı
təhlillər aparacağımı ona dedim. Növbəti görüşdə Devos mənimlə
Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətləri, casus
şəbəkələri, “Hüseynçilər” qruplaşması barədə söhbət edib”.
Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinə görə, o, Loran
Qrardla tədbirdə tanış olub:
“Onunla tanış olduqdan sonra məndən keçirilən bütün tədbirlərdə
iştirak etməyimi istədi. Bir müddət sonra mən onunla görüşdüm.
Görüş zamanı masa üzərində olan qələmi götürməyimi, həmin qələmdə
olan elektron poçt ünvanına yazmağımı istədi. Lakin mən qələmi
götürmədim və ona yazılı məlumat verməyəcəyimi bildirdim. Sonra o
məndən “Siqnal” tətbiqini yükləməyimi istədi. Yüklədim və bir
müddət həmin tətbiqlə əlaqə saxladıq. Sonra görüş təyin etdik.
Loranla növbəti görüşüm zamanı o mənə kitab hədiyyə etdi. Həmin
kitabın səhifələrinin arasında zərf var idi. Zərfdə elektron poçt
ünvanı qeyd edilmişdi. O mənə fikrimi dəyişəcəyim halda həmin poçta
yazmağımı istədi. Lakin mən bunu qəti şəkildə rədd etdim".
Azad Məmmədli ifadəsində bildirib ki, Loran Lödi ilə Fransa səfirliyinin təşkil etdiyi tədbirdə tanış olub: “Tədbirdə söhbət etsək də, o mənə çalışdığı yer barədə məlumat vermədi”.
Məhkəmə 1 oktyabrda Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadənin ardının elan olunması ilə davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də
həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan
Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi
(casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən,
sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş
Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları
tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə
Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad
Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət)
ilə ittiham irəli sürülüb.