Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına müsahibə verib.
Trend-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.
E.Əmirbəyov bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşahəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsraillə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur:
“Bizim məqsədimiz bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə, onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir. Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda - ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə hərəkət edirik”, - deyə o qeyd edib.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.