...

Xətai rayonunda iki küçənin təmiri yekunlaşıb

Cəmiyyət Materials 29 Dekabr 2022 23:59 (UTC +04:00)
Xətai rayonunda iki küçənin təmiri yekunlaşıb

Bakı. Trend:

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri yekunlaşıb.

AAYDA-dan Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 5 kilometr təşkil edən sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Təmir işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.

Qeyd edək ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda ümumi uzunluğu 13 min 260 metr olan 9 küçədə təmir işləri icra olunub.

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti