Bakı. Trend:
10-17 aprel tarixlərində Elm və Təhsil Nazirliyi sisteminə daxil
olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə
işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə
elektron ərizələrin qəbulu keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək
istəyən müəllimlər 10 aprel saat 11:00-dan 17 aprel 11:00-dək
www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq
müraciət edə bilərlər.
Vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə
vakant yer seçmək imkanı veriləcək. Bununla yanaşı, dövlət ümumi
təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin
dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna
olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara (Bakı, Sumqayıt
şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin
işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək
müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər
bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Müsabiqə çərçivəsində aşağıda qeyd olunan sosial amillərlə əlaqədar
namizədlərin topladıqları bala artım əmsalı tətbiq olunacaq:
- əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
- iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
- həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalına vurularaq hesablanır;
- 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalına vurularaq hesablanır.