Bakı. Trend:
Çinin Xarici Əlaqələr İnstitutu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Çonqyan Maliyyə İnstitutu və Çinin Renmin Universitetinin birgə təşkilatçılığı ilə Pekində “Bir kəmər-bir yolun on ili: tərəqqi və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Bu barədə Trend-ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Tədbir qlobal infrastruktur təşəbbüsünün tərəqqisini və perspektivlərini müzakirə etmək üçün ekspertləri, diplomatları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan “Bir kəmər-bir yol” ölkələrinin sabiq ölkə və hökumət başçılarını bir araya gətirib.
Tədbirdə Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, son 10 ildə “Bir kəmər-bir yol” təşəbbüsü qlobal arenada dəyişdirici rol oynadı, dünyaya əvvəlkindən daha çox çoxtərəflilik gətirdi və eyni zamanda, bu təşəbbüsün istiqamətində olan ölkələr üçün daha yaxşı şərait yaratdı. Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə, Qərbi Balkanlar və Avropa İttifaqını bir araya gətirən, Avropa və Asiya arasında ticarət və tərəfdaşlıq üçün inkişaf edən digər mühüm təşəbbüsdür.
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev isə qeyd edib ki, artıq Çin və Qırğızıstan arasında iki magistral yol çəkilib. Bu da hər iki ölkə, Cənubi Qafqaz daxil olmaqla, bütün region üçün çox böyük fayda gətirəcək. “Bir kəmər-bir yol” təşəbbüsünün qlobal inkişaf və idarəçilikdə daha böyük rol oynaması üçün bütün potensialı var.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya bildirib ki, “Bir kəmər-bir yol” təşəbbüsü, əslində, qarşılıqlı fayda üçün birlikdə işləri necə edə biləcəyimizlə bağlı paradiqmanı dəyişir. Bu təşəbbüs BMT tərəfindən qəbul edilmiş davamlı inkişaf məqsədləri olan daha böyük mənzərə istiqamətində irəliyə doğru çox konkret addımdır.
“Çinin reallaşdırdığı təşəbbüslərə önəm veririk və hər il keçirilən Qlobal Bakı Forumunda “Bir kəmər-bir yol”un qlobal səviyyədə əhəmiyyəti ilə bağlı tərəfdaş təşkilatlarla birgə müzakirələr aparılır”, - deyə o qeyd edib.
Xarici mediada, o cümlədən CCTV, “Xinhua News Agency”, CGTN, “China News”, “China Daily Economic Daily”, “Liberation Daily China macro network”, “Beijing Daily”, “People's Daily Overseas Network”, “Hubei TV”, “First Financial Television”, “Hong Kong China Rating Agency”, US NBC, “Pakistan Independent News”, “American Market News Service International”, “Sankei Shimbun” konfrans haqqında məqalələr dərc edilib.