...

"Tender çempionları"na ağır zərbə - Yeni qanun inhisara son qoyacaq?

Cəmiyyət Materials 21 Avqust 2023 13:29 (UTC +04:00)
"Tender çempionları"na ağır zərbə - Yeni qanun inhisara son qoyacaq?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda müzakirə olunan aktual mövzulardan biri də tenderlərin ardıcıl şəkildə hansısa şirkətlərə verilməsidir. Burada, əlbəttə ki, tenderlərin şəffaf keçirilməsi şübhə altına alınır və tenderlərin bilərəkdən eyni şirkətlərə verilməsi ehtimalı güclənir.

“Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqinin bu sahədə olan inhisarçılığın bir növ aradan qaldıracağı düşünülür. Belə ki, yeni qanunda tenderlərin keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən edilir ki, bu da şəffaflığın artırılmasını nəzərdə tutur. Yeni qanuna əsasən, həmçinin, dövlət satınalmaları ilə bağlı qanunun pozulmasına görə məsuliyyət növləri müəyyənləşdirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni qanun tender prosesinə müdaxilələrin qarşısını alacaq.

O qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanun kifayət qədər vacib sektoru əhatə edir.

“Xüsusilə nəzər alsaq ki, hazırda müzakirə edilən məsələlərdən bir də məhz dövlət satınalmaları ilə bağlı tenderlərin keçirilməsi və bu sahədə şəffaflığın gücləndirilməsi ilə bağlıdır, yeni qanunda bu sahədə kifayət qədər ciddi dəyişikliklər və təkmilləşdirmələr nəzərdə tutulur.

Yeni qanuna əsasən, satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi və yalnız məxfi satınalmaların kağız daşıyıcılar üzərində həyata keçirilməsi nəzərdə tutulur.

Bu, o deməkdir ki, həm elanın verilməsi, həm də təkliflərin cəlb edilməsi yalnız portal üzərindən həyata keçiriləcək. Eyni zamanda, qanuna əsasən, məbləğdən asılı olaraq müddətlər müəyyənləşdirilib. Belə ki, açıq tender üzrə ehtimal olunan qiymət bir milyon manata qədərdirsə, o zaman elanların verilməsi 15 iş günündən öncə həyata keçirilməlidir. 10 milyon manata qədər olan tenderlər üzrə 20 iş günü, 10 milyon manatdan çox olan tenderlər üzrə isə 30 iş günündən öncə elanlar verilir. Müddətlərin müəyyənləşdirilməsi həm səmərəli təkliflərin cəlb ediıməsi, həm də şəfaflığın gücləndirilməsi baxımından çox vacibdir”, - deyə V.Bayramov bildirib.

O əlavə edib ki, qanunda ehtimal olunan qiymətin hesablanması daha aydın şəkildə qeyd olunur ki, bu da tenderə müdaxilələrin qarşısının alınması və təklifin qiymətləndirilməsi baxımından vacibdir.

“Qanun bir tərəfdən şəffaflığın və səmərəliliyin gücləndirilməsi, digər tərəfdən ədalətli yanaşmanın həyata keçirilməsi ilə yanaşı, sahibkarlıq subyektlərinin prosesə cəlb edilməsinə imkan yaradacaq”, - deyə V.Bayramov vurğulayıb.

Qeyd edək ki, indiyə qədər tender elanları və təklifləri həm kağız daşıyıcılar, həm də elektron formada həyata keçirilirdi. Yeni qanuna əsasən, yalnız məxfi tenderlər kağız daşıyıcılar üzərindən həyata keçiriləcək, digər bütün tenderlər isə portal vasitəsilə həyata keçiriləcək ki, bu da tenderə müdaxilələrin qarşısını alacaq.

Xatırladaq ki, yeni qanun avqustun 19-da Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti