Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində Bəhreyn Krallığının Müstəqil Ombudsmanı xanım Ghada Hameed Habib ilə görüşüb.
Trend xəbər verir ki, görüş zamanı insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, həmçinin tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Bəhreyn Krallığının Müstəqil Ombudsman Təsisatı arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əlaqələrin gücləndirilməsi, birgə təlim və tədqiqatların təşkili, informasiya mübadiləsinin və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdən ibarətdir.
Müvəkkil Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Bəhreyn Krallığının Müstəqil Ombudsman Təsisatı arasında imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha effektiv müdafiəsinə şərait yaradacağını qeyd edib.