2006cı ilin martından Azərbaycanda qızılca və məxmərəyə qarşı immunizasiya üzrə milli kampaniya start götürəcək. Bu barədə Trend ə respublikanın Səhiyyə Nazirliyindən məlumat veriblər.
İmmunizasiya proqramının iştirakçıları kimi Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF, Amerikanın beynəlxalq inkişaf agentliyi, Yoluxucu xəstəliklərə nəzarət üzrə Amerika mərkəzi, Rostropoviç-Vişnevski Fondu çıxış edir.
Qafqaz regionunda ilk dəfə reallaşdırılan bu layihənin ümumi dəyəri 3 milyon 100 min dollar təşkil edir. Kampaniyanın gedişində 7 yaşından 23 yaşınadək şəxslər arasında vaksinləmə aparılacaq, Bakıda isə əlavə olaraq 23-29 yaşlarında olan gənclərə də peyvənd vurulacaq. 2 həftə ərzində 3 milyondan artıq adama peyvənd vurulacaq.
Əhalinin geniş təbəqələrinin əhatə etmək məqsədilə hərəkət edən peyvənd kabinələri, nəqliyyatın çətin hərəkət etdiyi yaşayış məntəqələrində tibb işçiləri xüsusi çantalarla təchiz olunacaqlar ki, bu da peyvəndin saxlanması üçün zəruri temperatur şəraitini təmin edəcək.
Kampanyia ərəfəsində əhali arasında bu prosesə məşhur incəsənət, idman xadimlərinin cəlb edilməsi, mobil rabitə vasitəsilə xəbərlərin göndərilməsi, bukletlərin nəşr olunması, video çarxların yaradılması yolu ilə fəal təbliğat işləri aparılması planlaşdırılır.