Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı istintaq təcridxanasında Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmiş "Gündəlik Azərbaycan", "Realnı Azərbaycan"qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Behbudov Bazar ertəsi məlumat verib. Bildirib ki, baş redaktor təcridxanada ona olan münasibətdən və saxlanma şəraitindən şikayətçi olmayıb. Fətullayev barəsində çıxarılan hökmü qərəzli və sifarişli hesab edir.
Fətullayev aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında şikayəti üzrə Cinayət Məcəlləsinin147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azdlıqdan məhrum edilib. O, "Qarabağ gündəliyi" adlı məqalədə xocalıların şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılır.
Aprelin 6-da isə Yasamal rayon məhkəməsi Çaladzenin şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.