...

Tərtər təhsil şöbəsinin sabiq müdiri mənimsəmədə ittiham olunur

Cəmiyyət Materials 25 Aprel 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə bu gün Tərtər rayon təhsil şöbəsinin sabiq rəisi Fazil Museyibovun məhkəməsi başlayıb. Məhkəmədən çərşənbə günü verilən məlumata görə, Museyibov dövlət büdcəsindən təhsil şöbəsinə ayrılmış pul vəsaitini mənimsəməkdə və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə külli miqdarda rüşvət təklif etməkdə təqsirli bilinir.

İttiham aktına görə, Museyibov bu cinayətdə Tərtər 9 saylı rayonlararası Təmir Tikinti Quraşdırma İdarəsinin rəisi Nizami Səfərovla əlbir olub. Hər iki şəxs 2003-cü ilin mart ayında təhsil şöbəsinə iki ədəd yazı makinasının və digər materialların alınması barədə saxta sənədlər tərtib edərək 5 milyon 120 min manat (köhnə manatla) mənimsəyiblər. Həmin ilin avqustunda təhsil şöbəsinə guya 1030 kiloqram çəkidə təbaşirin alınmasına dair saxta sənədlər tərtib edərək bu məqsədlə ayrılmış 11 milyon manata yaxın pulu mənimsəyiblər.

Müseyibov rayon İcra Hakimiyyətinin başçısı İsayevin qəbulunda olarkən icra başçısından ona himəyadarlıq etməsini xahiş edib və bunun müqabilində İsayevə 10.000 ABŞ dolları məbləğində rüşvət təklif edib. İcra başçısı isə rüşvəti qəbul etməyib.

Məhkəmədə ifadə verən Müseyibov ittihamları qəbul etməyib. O, ifadəsində göstərib ki, onun tərəfindən mənimsənildiyi göstərilən məbləğə 2003-cü ilin mart ayında iki ədəd elektriklə işləyən "Yatran" və "Robotron" markalı yazı makinaları alınıb. Həmin makinalar Bakıda yaşayan şəxsi tanışından və sənədsiz alındığı üçün onların təhsil şöbəsinə məxsus olmasına dair sənədləşməni aparmaq mümkün olmayıb. Müseyibov 1030 kiloqram təbaşirin alınaraq təhsil şöbəsinin tabeçiliyindəki orta məktəblərə paylandığını bildirib.

Təqsirləndirilən şəxs ötən il sentyabrın 30-da icra başçısının qəbulunda iki dəfə olduğunu təsdiqləsə də, ona rüşvət təklif etmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti