...

Teleradio Şurasının sədri: "Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımlanması müvəqqəti olacaq"

Cəmiyyət Materials 15 May 2007 11:32 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımlanması müvəqqəti olacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanla Rusiya arasında telekanalların qarşılıqlı şəkildə yayımlanmasına dair razılıq əldə olunsa da, bu, müvəqqəti xarakter daşıyacaq. Bu barədə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çərşənbə axşamı açıqlama verib.

Teleradio Şurası Azərbaycanda xarici telekanalların (Rusiyanın ORT və RTR, Türkiyənin Kanal-D, STV kanalları) yerli tezliklərdə yayımına qadağa qoyub və bütün xarici kanalların yalnız kabel, peyk vasitəsilə yayımlanmasına dair qərar çıxarıb.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ötən gün jurnalistlərə bildirib ki, Rusiya kanallarının Azərbaycan ərazisində əvvəlki kimi yayımlanması üçün bunun müqabilində Rusiya hökuməti Azərbaycanın hər hansı telekanalının Moskvada yayımlanmasına hazırdır. İstratov bu danışıqlara başlamaq üçün Azərbaycan tərəfindən cavab gözlədiyini deyib.

Teleradio Şurasının sədri Məhərrəmli buna münasibəti açıqlayarkən qeyd edib ki, iki ölkənin telekanallarının qarşılıqlı şəkildə bir-birinin ərazisində yayımlanması mümkündür. Lakin müasir dünya təcrübəsində artıq bu üsullardan istifadə edilmir: "Çünki kabel, çanaq antenaları vasitəsilə insanlar xarici ölkələrin bir deyil, onlarla telekanallarını izləyə bilirlər. Ona görə Rusiya ilə belə bir razılaşma olsa da, bu qarşılıqlı yayım uzağı bir-iki il davam edəcək" - deyə Məhərrəmli qeyd edib.

Şura sədri onu da deyib ki, Azərbaycan və Rusiya hökumətləri arasında danışıqlar baş tutarsa, Azərbaycanın yalnız dövlət büdcəsindən maliyyələşən telekanalı qonşu ölkədə yayımlanacaq. Çünki hökumət özəl teleşirkətlərin yayımına, fəaliyyətinə görə məsuliyyət daşımır və öhdəlik götürə də bilməz. Məhərrəmli hesab edir ki, Rusiyada Azərbaycanın İctimai Televiziyasının (İTV) yayımı daha məqsədəuyğundur. Şura sədri hesab edir ki, izləyici auditoriyasına, proqramlarının zənginliyinə, müasirliyinə görə AzTV ilə müqayisədə İTV daha məqbul kanaldır.

Xəbər lenti

Xəbər lenti