Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan bəyan edib ki, UEFA-nın Azərbaycan-Ermənistan oyunlarının ləğvi ilə bağlı qərarının təəssüflə qarşılayır.
"Təəssüf edirəm ki, belə bir qərar qəbul edildi. Lakin eyni zamanda UEFA və FİFA-nın reqlamentlərini qəbul edirəm. Çünki hesab edirəm ki, yalnız çox önəmli faktorlar və arqumentlər belə bir presendentsiz qərarı əsaslandıra bilər" - deyə EFF prezidentinin bəyanatında vurğulanıb. ("Novosti-Armeniya").
UEFA-nın İcraiyyə Komitəsi şənbə günü günü Avro-2008 seçmə mərhələsi çərçivəsində Ermənistan və Azərbaycan yığmaları arasındakı oyunların keçirilməməsinə dair qərar qəbul edib. UEFA-nın qərarına əsasən, A qrupunda çıxış edən hər iki komandaya ləğv olunan matçlara görə xallar verilməyəcək.
"Təəssüf edirəm ki, yığmamızın günü-gündən güclənən baxımlı oyununa tamaşa etməkdən məhrum olunduq" - deyə Ayrapetyanın bəyanatında qeyd olunub.
Bununla yanaşı Ayrapetyan əlavə edib ki, o və Ermənistan hökuməti bu görüşlərin baş tutması üçün əlindən gələni ediblər.
"Ən yüksək təhlükəsizlik təminatları verilmişdi, Ermənistan prezidentinin səlahiyyətli nümayəndəsi UEFA təmsilçiləri ilə keçirilən üçtərəfli görüşdə iştirak edib və hətta yazılı təminat verib" - deyə Ayrapetyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistan hökuməti və EFF Yerevandakı görüşü ən yüksək səviyyədə keçirməyə hazır idi. Eyni zamanda, erməni tərəfi analoji təminatların veriləcəyi təqdirdə Azərbaycana yollanmağa hazır idi.
"Digər tərəfdən xatırlatmaq istəyirəm ki, UEFA bir il ərzində məsələnin hərtərəfli müzakirəsi ilə məşğul olan xüsusi komissiya yaratmışdı" - deyə Ayrapetyan qeyd edib.
Ermənistan və Azərbaycan milliləri arasındakı görüşlər bu ilin 8 və 12 sentyabrında Yerevanda və Bakıda keçirilməli idi.