...

Elçin Zeynalov: Yubiley - yuvarlaq rəqəmlərlə yazılmış müvəffəqiyyət və nailiyyətdir (MÜSAHİBƏ)

İdman Materials 11 Fevral 2012 09:00 (UTC +04:00)
Biz xüsusi bir dövrdə - həyatda gedən heyrətamiz dəyişikliklərin, mədəniyyətin, incəsənətin, elmin və idmanın müxtəlif sahələrində milli uğurlarımızın informasiya proqramları ilə bizi sevindirdiyi bir dövrdə yaşayırıq
Elçin Zeynalov: Yubiley - yuvarlaq rəqəmlərlə yazılmış müvəffəqiyyət və nailiyyətdir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Biz xüsusi bir dövrdə - həyatda gedən heyrətamiz dəyişikliklərin, mədəniyyətin, incəsənətin, elmin və idmanın müxtəlif sahələrində milli uğurlarımızın informasiya proqramları ilə bizi sevindirdiyi bir dövrdə yaşayırıq. Beynəlxalq müsabiqələrdəki qələbələr, nüfuzlu festivallarda iştirak etmək, idmanda dünya rekordlarının əldə edilməsi və başqa müsbət nəticələr Azərbaycana yeni imic gətirir, dünya ictimaiyyətinin diqqətini ona yönəldir, onun tarixinə və müasir həyatına maraq oyadır. Bu mənada idman sahəsindəki ciddi nailiyyətlər əsas götürülür. Burada xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin rəhbərliyi bizim üçün ənənəvi sayılan idmanın müxtəlif sahələrindəki qələbələrimizlə yanaşı, unudulmuş bəzi idman növlərinin, əsasən də avarçəkmənin xoş ənənələrinin dirçəlməsinə də ciddi diqqət yetirir.

Keçən ilin sonunda Milli Avarçəkmə Federasiyası öz beşillik yubileyini qeyd etdi. Çox kiçik müddətdə idmanın bu növündə ciddi nəticələr əldə edilib. İdman statistikasına diqqət yetirsək, fəxrlə aşağıdakı nailiyyətlərimizi etiraf edə bilərik: beynəlxalq yarışlarda avarçəkənlərimiz Azərbaycana təkcə 2011-ci ildə 22 medal və 5 lisenziya gətirərək Azərbaycanın avarçəkmə tarixində yeni səhifə açdı.

İdmanın avarçəkmə növündə olan nailiyyətlər, problemlər və tapşırıqlar haqqında Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov danışır:

- Azərbaycanda idmanın avarçəkmə növünün tarixi hələ 1980-ci illərə gedib çıxır. Keçmiş SSRİ məkanında ən məşhur avarcəkmə bazası Mingəçevirdə fəaliyyət göstərən "Kür" idi. Orada hər cür şərait var idi, yəni Kür çayının üzərində yerləşməyi, heç vaxt donmamağı və öz xasiyyəti ilə insanı heç bir zaman çətinlikdə qoymamağı.

- Bəs məşhur "Dəli Kür"?

- İş ondadır ki, bu baza iki bəndin arasında yerləşir və suyun səthinin düzlüyünu, sakitliyini təmzimləyir. Bundan başqa, "Kür" bazasından 18 kilometrlik məsafə məşqlərə tam imkan verirdi. Bütün bunlarla yanaşı, təmiz hava, həmişə müsbət temperatur, deməli, "açıq su"da olmaq bazanın təlim-məşq tələblərinə tam cavab verirdi. Buna görə də 1980-ci illərə qədər bura keçmiş SSRİ yığmasının avarçəkənləri, Varşava müqaviləsinə aid olan ölkələrin idman komandaları, hətta 2000 metrlik məsafəyə akademik avarçəkənlər (o zamanlar yüngül idman qayığında avar çəkənlərə 1000 metrlik məsafə bəs edirdi ki, buna görə də SSRİ-nin başqa şəhərlərində, o cümlədən Potidə təlim keçirilirdi) gəlirdilər.

Sovet avarçəkənlərinin beynəlxalq idman arenasında yüksək nailiyyətləri olurdu, amma yarışlarda beynəlmiləl komandalar iştirak edirdi ki, onların da müvəffəqiyyəti SSRİ-nin adı ilə bağlanırdı.

SSRİ dağıldıqdan sonra "Kür" bazasında qaçqınlar yerləşdirildi və getdikcə bura dağıldı. Xəzərdə suyun qalxması səbəbindən avarçəkmə bazası batdı və hətta bizim dənizkənarı parkda salınmış "Venesiya" da fəaliyyətini dayandırdı. Halbuki, burada avar çəkməyi öyrənən idmançılar məşq edirdilər. Beləliklə bizə sıfırdan başlamaq lazım gəldi.

- Ölkəmizdə idmanın avarçəkmə növünün inkişafı üçün birinci növbədə nə etmək lazım idi?

- Çox çətin idi. İlk növbədə, texniki vəsait bazasını yaratmaq lazım idi ki, milli komandanın üzvləri elmi texnologiya ilə, tibbi və birinci dərəcəli vəsaitlərlə, aparıcı idmançılar isə dunyanın ən yaxşı firmalarında istehsal olunan individual antropolojı xüsusiyyətlərə malik avarçəkmə qayıqları ilə təmin olunsun.

Avarçəkmə idmanın ən bahalı növüdür. Bir qayığın qiyməti 40 min avrodur və onun saxlanılması üçün xüsusi hovuzlar lazımdır. İdmançıları motorlu qayıqla məşqçi müşayiət etməlidir - deməli, yanacaq da lazımdır. Təsəvvür edin ki, bu problemlərlə yarış ərəfəsində qarşılaşırsan. Qayıqları, komandanın üzvlərini (onlar 100 nəfərdən çox olur) bir şəhərdən digər şəhərə, hətta bir ölkədən digər ölkəyə aparmaq lazım gəlir.

1992-ci ildən 2006-cı ilədək avarçəkənlərimizin beynəlxalq idman strukturundakı nailiyyəti heç bir cəhdlə alınmadı. Etiraf etmək lazımdır ki, burada obyektiv səbəblər var idi.

- Siz necə bilirsiniz, Azərbaycanda idmanın avarçəkmə növündə belə nailiyyətin əldə edilməsi üçün əsas dönüş anı nə oldu?

- Mənə elə gəlir ki, bizi dövlət rəhbərinin, dövlətin müəyyən strukturlarının idmana və mədəniyyətə olan xüsusi diqqətini görərək, əldə etdiyimiz nailiyyətlər artıq təəccübləndirmir. Məlumdur ki, dövlət başçımızın verdiyi qərara əsasən və Gənclər və İdman Nazirliyinin himayəsi ilə "Kür" bazasında yenidənqurma işləri başlanıb ki, bu da Azərbaycanda avarçəkmənin inkişafında ciddi perspektivlər açdı.

Hazırda adıçəkilən baza bilicilərin səmimi heyrətinə səbəb olub. Ancaq biz bu gün təkcə Mingəçevirdə belə bazaya malikik. Bu şəhərdə 80 minlik əhali var, lakin 3 milyonluq Bakı əhalisini də diqqətdən kənarda qoymaq olmaz. Bu yaxınlara qədər bakılıların ən məşhur bazası QBXD sayılırdı ki, burada trenajorları olan avarçəkmə hovuzu tikilib. Ancaq bu bazanı Ələtə köçürdülər. Nəticədə Bakıda avarçəkmə idmanı ilə məşğul olmaq üçün yer olmadı. Bu isə çox ciddi problem idi, çünki avarçəkmə üzrə milli yığmamızın nailiyyətləri artıq hamının diqqətini cəlb edir və bir çoxları idmanın bu maraqlı növünə müraciət etmək istəyirlər. Xüsusən də gənclər arasında böyük canlanma var.

- Avarçəkmə ilə məşğul olmaq üçün hansı parametrlər əsas götürülür?

- Avarçəkmə - spesisfik, yüksək texnoloqiyalara malik idman növüdür ki, nəinki fiziki hazırlıq, həm də intellektual potensial tələb edir. İdmançılar öz güclərini və küləyin istiqamətini düzgün hesablamağı, müəyyən hissələrdə məsafə sürətini idarə etməyi bacarmalıdırlar. Havanın necəliyindən asılı olmayaraq, günaşırı məşqlər açıq hovuzlarda keçirildiyindən idmançıdan dözüm və cəsurluq tələb olunur. Səhər tezdən qayığı götürmək üçün soyuq anqara girmək, onu suya buraxmaq, küləyin, yağışın altında orada oturmaq, üstünə sıçrayan buzlu suda avar çəkmək insandan böyük iradə tələb edir. Avarçəkən idmançılar - xüsusi kateqoriyalı adamlardır. Hər adam belə ağırlığa dözə bilmir. Bəzilərinin bədənləri idmanın bu növünün tələblərinə cavab verə bilmir. Akademik avarçəkmə üçün uca boyun, uzun qolların olması vacibdir, lakin yüngül qayıqlar üçün isə uca boyun olması vacib deyil, burada uzun qollar vacibdir.

- Bakıda avarçəkmə bazalarının tikintisi nə qədər realdır?

- Sumqayıt Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, vətənimizin idman şöhrəti ən yüksək səviyyədədir, idmana kütləvi axın isə gələcək nəslin sağlamlığı üçün gözəl haldır. Bu sözlər idmana olan dövlət qayğısı nəticəsində əldə olunan uğurlarda öz təsdiqini tapıb. Belə ki, OTİM "Kür" avarçəkənlərin sayının artmasına kömək edir. Ancaq bu son deyil. Biz qeyri-adi bulvar tikirik və bu bulvarda Bakı buxtasının ərazisində tikiləcək avarçəkmə bazası Dənizkənarı Milli parkın gözəlliyini daha da canlandıracaq.

Əslində belə bazalardan bir neçəsi olmalıdır (yaxın keçmişdə avarçəkmə idman bazalarının Neftçala, Lənkəran və Xaçmazda olduğunu yada salaq), çünki yüngül konstruksiyalı tikinti üçün o qədər də böyük ərazi lazim deyil. Bu tikinti Bakının müxtəlif rayonlarında ola bilər (məsələn, Xocasən, Bülbülə və s.). Təkcə belə şərtlərlə Azərbaycanda avarçəkmənin inkişafından danışmaq olar.

- Azərbaycanda avarçəkmə idman növünün nailiyyəti legionerlərin iştirakı ilə bağlı deyilmi?

- Dünyanın hər bir yerində idmanın bütün növlərində komandada legionerlərin iştirakı adi haldır. Beynəlxalq səviyyədə idmançı yetişdirmək üçün illər lazımdır. Avarçəkmədə yüksək nəticələrə 24-25 yaşdan sonra nail olmaq olar. Avarçəkən idmançının dövrü təxminən 35 ildir. Milli yığmaya legionerlərin dəvəti çox düşünülmüş addımdır. Burada bir məqsəd var - ölkəmiz haqqında beynəlxalq idman arenasını xəbərdar etmək, gəncləri cəlb etmək. Legionerlər Mingəçevirdə ən populyar adamlardır. Bizim gənclərimiz onlarla birlikdə məşq edir, professionallıq, zəhmətsevərlik öyrənərək əsl idmançı kimi yetişirlər. Legionerlərlə suya çıxanda bizim avarçəkənlər çalışırlar ki, onların səviyyəsinə çatsınlar və Azərbaycana dəvət olunan legionerlər milli idmançı kadrları yetişdirirlər. Eyni zamanda, Azərbaycanda işlədikləri müddətdə idmançılar üçün yaradılmış şəraitdən özləri də bəhrələnərək yüksək göstəricilər əldə edirlər. Bundan başqa, yığmamızla işləmək üçün güclü məşqçi komandası, birinci dərəcəli idmançılar və yüksək ixtisaslı tibbi işçılər cəlb olunub. Belə münasibət nəticəsində Azərbaycanda avarçəkmənin inkişafından danışmaq olar.

Xəbər lenti

Xəbər lenti