...

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağlayıb

İdman Materials 8 Yanvar 2015 15:24 (UTC +04:00)
Bu gün Bakı 2015 İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağlayıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı 2015 İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb.

Trend-in məlumatına görə, aparıcı yayım şirkəti olan "Sky Italia" öz idman kanalları vasitəsilə Oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, "Sky Go" vasitəsilə Oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.

"Sky Italia" TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur "Sky Sport 24" xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, İlk Avropa Oyunlarının İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin "Sky Italia" şirkəti ilə bağlanmasından olduqca məmnundurlar: "Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın Bakı 2015 Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik".

Əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4,7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan "Sky Italia" Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.

2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət eləcə də ölkənin premyer futbol yarışı olan A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa Çempionatı seçmə mərhələləri oyunlarının yayım hüququnu özündə saxlayır.

"Sky Italia" şirkətinin idman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mammi deyib: "Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq və biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik".

İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo əlavə edib: "İdman azarkeşlərinin İlk Avropa Oyunlarını İtaliyanın aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə çox şadıq. Bu, idmançılarımız və milyonlarla azarkeşlərimiz üçün əla xəbərdir və əminəm ki, bu saziş Bakı 2015 Avropa Oyunlarının İtaliyada uğurlu yayımına kömək edəcək".

Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, beynəlxalq yayım satışı sürətlə davam edir və İlk Avropa Oyunlarının yayımını nəzərdə tutan bu sazişi "Sky Italia" kimi tanınmış televiziya kanalı ilə imzalamaq möhtəşəm xəbərdir. Saziş, öz növbəsində, Bakı 2015 üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən Oyunlara artmaqda olan marağın təzahürüdür. Hazırda bir sıra müqavilələrin üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik".

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü isə qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti