...

Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

İqtisadiyyat Materials 4 Fevral 2022 00:01 (UTC +04:00)
Cənub Qaz Dəhlizi böhran şəraitində Avropanın böyük ümididir

Bakı. Ləman Zeyanlova - Trend:

Fevralın 4-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti iclası keçiriləcək. Tədbirdə Avropa ölkələrindən, eləcə də ABŞ və Türkiyədən yüksək vəzifəli nümayəndələr iştiraak edəcək. Onların arasında enerji məsələləri üzrə avrokomissar Kadri Simson, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku, "Romgaz" və "Transgaz" şirkətlərinin rəhbərləri, Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mihayloviç, Xorvatiyanın dövlət katibi və nazir köməkçisi İvo Milatiç, direktor Kristina Çeliç və "Plinacro Ltd" biznes bölməsinin rəhbəri Florian Cedoviç, Bolqarıstanın energetika naziri Aleksandr Nikolov, Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi və digərləri yer alır.

İclasın əsas mövzusunun ötən ildən etibarən Avropada müşahidə olunan enerji böhranı fonunda Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə tədarükünün artırılması olacağı gözlənilir. Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Bu irimiqyaslı layihə marşrutların və tədarük mənbələrinin şaxələndirilməsinə və bununla da Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.

Qeyd etmək lazımdır ki, TAP vasitəsilə qaz tədarükü hesabına İtaliya nəinki daxili tələbatı təmin edib, həm də müəyyən həcmləri ixraca yönəltdi. Belə ki, 2021-ci ilin son günündə İtaliya digər ölkələrə 20 milyon kubmetr qaz satıb. Bu, həmin gün ölkədə istehlak olunmuş 214 milyon kubmetr qazın təxminən 10 faizini təşkil edir. Bundan başqa, dəfələrlə qeyd olunub ki, Azərbaycan qazı sayəsində Avropada qaz qiymətlərinin daha da bahalaşmasının qarşısını almaq mümkün olub. TAP-ın hələ illik 10 milyard kubmetr həcmində tam nəql gücünə çatmadığı nəzərə alınarsa, bu nailiyyətləri mühüm hesab etmək olar. Bu şəraitdə boru kəmərinin buraxılış gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılması məsələsi aktuallıq qazanır. Avrokomissar Kadri Simson məhz bu məqsədlə Azərbaycana gəlir. TAP konsorsiumundan bildiriblər ki, boru kəmərinin nəql gücünün artırılması planlaşdırılmış müddətən əvvəl baş tuta bilər. Eyni zamanda, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib ki, Azərbaycan fövqəladə vəziyyət halında Avropaya daha çox qaz tədarük etməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycan daha çox qaz hasil edə və Cənub Qaz Dəhlizinin gücünü artıra bilər. Ölkə həmçinin Türkmənistan qazını da nəql edə bilər, belə ki, hər iki ölkə Xəzər dənizində "Dostluq" yatağının birgə işlədilməsi niyyətindədir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində bəyan edib ki, bu il ölkə təxminən 19 milyard kubmetr qaz ixrac edəcək. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Trend-ə bildirib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istənilən vaxt vacib ola bilər, amma mövcud geosiyasi vəziyyət bu məsələnin müzakirəsini daha da aktual edir.

O qeyd edib ki, Avropadakı indiki və gələcək enerji vəziyyəti "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasının vacibliyini artırır.

"Avropa bazarları təklif çatışmazlığı ilə, həmçinin qaz və ümumilikdə enerji daşıyıcılarının yüksək qiymətləri ilə qarşılaşır. Bəziləri Rusiyanın 2021-ci ilin son rübündə əlavə qaz həcminin satacağını hesab etsə də, "Qazprom" bu addımı atmadı. Fevral görüşü Azərbaycan, Aİ, Türkiyə , ABŞ və iştirakçılar üçün mövcud vəziyyəti nəzərdən keçirmək və zəruri tədarükün təmin olunması məqsədilə addımlar atmaq üçün uyğun imkandır. Əlçatan enerji daşıyıcıları insanların rifahı, iqtisadiyyatın funksiya göstərməsi və hər bir ölkənin milli təhlükəsizliyi üçün vacibdir. Fevral görüşünün iştirakçıları enerji daşıyıcılarına tələbin qarşılanmasında kömək göstərə bilər", - R.Sekuta deyib.

Diplomat qeyd edib ki, ABŞ-ın Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, İtaliya və Aİ ilə, eləcə də özəl sektorda SOCAR və BP şirkətləri ilə işləməsinin səbəblərindən biri Avropya enerji ehtiyatları tədarüklərinin şaxələndirilməsi ilə bağlı olub.

"Tədarük mənbələrinin müxtəlifliyi bazarda enerji daşıyıcılarının əlçatanlığını artırır və enerji təhlükəsizliyinin və bununla da hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunmasına kömək edir. Bir sıra ölkələr mövcuddur ki, xüsusilə də Balkan regionunda, onlar "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsində maraqlıdır", - deyə o bildirib.

Norveçin "Rystad Energy" konsaltinq şirkətinin təbii qaz bazarı üzrə analitiki Zuntsyan Lao hesab edir ki, TAP-ın buraxılış gücünün artıq 24 milyon kubmetr/sutkaya çatması və ilkin buraxılış gücünün növbəti 20 il üçün rezerv olunması nəzərə alınarsa, ilkin qrafiki qabaqlamaqla genişləndirilməsini mümkün hesab edir.

Azərbaycanın təşəbbüs göstərdiyi layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Azərbaycanın əsas məqsədi enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə vermək, bununla da istehsalçı ölkə, tranzit ölkə və istehlakçı ölkələr arasında sıx əməkdaşlığa nail olmaqdır. Özünün enerji siyasətində qlobal tendensiyaları nəzərə alaraq, Azərbaycan hər zaman enerji təhlükəsizliyinin, daxili, regional və qlobal səviyyələrdə sabitliyin təmin olunması üzrə ardıcıl hədəfləri izləyir.

Azərbaycan bu gün dünya enerji arenasında vacib rol oynayır. Ölkə özünü iri enerji layihələrində etibarlı tərəfdaş kimi göstərib və təəccüblü deyil ki, Avropa ölkələri qaz böhranının dərinləşməsinin qarşısının alınması məqsədilə tədarüklərin artırılması üçün məhz Azərbaycana müraciət edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti