...

Azərkosmos və “Voyager Space” arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 22 Sentyabr 2022 12:33 (UTC +04:00)
Azərkosmos və “Voyager Space” arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosla “Voyager Space” şirkəti arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimi Parisdə 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində keçirilib.

Sənəd Azərkosmos və “Voyager Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq.

Memoranduma əsasən yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq.

“Biz kosmik proqramların və texnologiyaların ölkəmizə gətirə biləcəyi imkanları genişləndirmək üçün “Voyager Space”dəki tərəfdaşlarımızla işləyəcəyik. “Voyager Space kimi qlobal partnyorlarla yerli kosmik ekosistemi gücləndirmək əsas missiyalarımızdan biridir”, – deyə Azərkosmos İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib.

“Voyager Space”in Gəlirlər üzrə baş direktoru Kley Mouri bildirib ki, şirkət inkişaf etməkdə olan kosmik dövlətlərin tədqiqat və elm sahəsinə qoşulması üçün qapılar açır: “Kosmik texnologiya və elm cəmiyyətləri dəyişdirmək gücünə malikdir. Biz Azərbaycan vasitəsilə regionda dayanıqlı kosmik ekosistem qurmağı səbirsizliklə gözləyirik”.

“Voyager Space” kosmosda və Yerdə bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq, dayanıqlı kosmik iqtisadiyyatın inkişafını sürətləndirmək istiqamətində fəaliyyət göstərən kosmik texnologiya şirkətidir. Təxminən 20 illik kosmosa uçuş tarixi var, 1500-dən çox uğurlu kosmik missiya həyata keçirib. “Voyager Space” kommersiya istifadəçilərinə, dövlət təşkilatları, akademik və tədqiqat qurumlarına kosmik stansiya infrastrukturu, xidmətləri və texnoloji həllər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti