...

Azərbaycan qida məhsullarının idxalını artırıb

İqtisadiyyat Materials 20 Mart 2023 18:00 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qida məhsullarının idxalı dəyər ifadəsində 6,69 faiz və ya 22,6 milyon dollar artaraq 360,368 milyon dollara çatıb.

Trend bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) bülleteninə istinadən xəbər verir.

DGK-nın məlumatlarına əsasən, Azərbaycan 2023-cü ildə 11,992 milyon dollar dəyərində 7,32 min ton ət, 4,256 milyon dollar dəyərində 1,89 min süd, 10,398 milyon dollar dəyərində 1,76 min ton süd məhsulları, 46,919 milyon dollar dəyərində 70,87 min ton meyvə və tərəvəz və 10,297 milyon dollar dəyərində 1,92 min ton çay idxal edib.

Azərbaycan, həmçinin, 101,211 milyon dollardan yuxarı məbləğdə 301,82 min ton buğda, qarğıdalı və düyü idxal edib.

Bitki mənşəli piy və yağların idxalı 23,095 milyon dollardan yuxarı məbləğdə olmaqla 15,71 min ton təşkil edib.

Azərbaycan qeyd olunan dövrdə tütün və tütün məmulatlarının idxalını 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 64,39 faiz artıraraq 17,875 milyon dollara çatdırıb.

Əczaçılıq sənayesi məhsullarının idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 27,08 faiz və ya 1,27 min tondan çox artaraq 5,97 min tona, dəyər ifadəsində isə 24,07 faiz və ya 28,77 milyon dollar artaraq 148,277 milyon dollara çatıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti