Bakı. Trend:
Azərbaycanda təchizatçıların dövlət satınalmalarında iştirak edə bilməyəcəyi hallar müəyyən edilir.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:
- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla
təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati
asılılığı olduqda;
- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda,
yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin
nəzarətində olduqda;
- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və
ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin
idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs
olduqda;
- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya
hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti
şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar,
valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş
şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və
qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri,
qardaşların arvadları, valideynlərin bacıları və qardaşları,
ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində
olduqda.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.