Bakı. Trend:
“AzInTelecom” bulud texnologiyalarına çıxışı asanlaşdırmaq üçün dövlət təşkilatları ilə əməkdaşlıq edir.
Trend xəbər verir ki, bu barədə “AzInTelecom” MMC-nin İdarə heyətinin rəhbəri Elxan Əzizov Bakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
"Hər şeydən əvvəl biz bulud provayderiyik və həm dövlət, həm də özəl təşkilatlara infrastruktur təqdim edirik. Özəl sektordan 100-dən çox müştərimiz var, bunların arasında bir çox kiçik və orta müəssisələr var. Bu yaxınlarda biz ictimai bulud platformamızı işə saldıq ki, bu da bizi beynəlxalq bulud provayderləri ilə bir sıraya qoyur, bulud texnologiyasını yerli şirkətlər üçün daha əlçatan və funksional edir. Bu, bizim əsas istiqamətlərimizdən biridir və biz öz xidmətlərini yerləşdirmək üçün böyük xərcləri ödəyə bilməyən kiçik şirkətlər üçün bulud texnologiyasını daha əlçatan etmək naminə dövlət orqanları ilə işləyirik", - deyə E.Əzizov qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, “AzInTelecom”un əsas layihələrindən biri biometrik autentifikasiyaya əsaslanan “SİMA” elektron sistemidir.
"Hazırda bizim tətbiqimiz 2,5 milyon dəfə yüklənib və gündəlik olaraq təxminən 40 min istifadəçi sistemə qoşulur", - Elxan Əzizov əlavə edib.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.