Bakı. Trend:
Bu ildən Azərbaycan məhsullarının yeni bazarlara ixracı üzrə dövlət tərəfindən logistika xərcləri üçün subsidiya tətbiq ediləcək.
Trend xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında deyib.
"Biz öz şirkətlərimizi, eləcə də BƏƏ-dən olan tərəfdaşlarımızı təşviq etmək, Azərbaycan məhsullarını idxal etməyin yollarını tapmaq niyyətindəyik.
Başa düşürük ki, bəzi məsələlər mövcuddur – bunu problem demək
istəmirəm, amma müəyyən çətinliklər var. Ən böyük maneələrdən biri
logistika ilə bağlıdır və bəzi hallarda xərclər bir qədər yüksək
ola bilər.
Lakin biz alternativ yolları və məhsulların BƏƏ-yə və əksinə
çatdırılması qaydalarını artıq müzakirə etmişik. Bu ildən
başlayaraq Azərbaycan tərəfindən logistika xərcləri üçün subsidiya
tətbiq ediləcək. Mən əminəm ki, bu mexanizm şirkətlərin yanaşmasını
dəyişəcək və Azərbaycanın ixracını artıracaq", - Y. Abdullayev
bildirib.
O vurğulayıb ki, bu subsidiya ənənəvi bazarlar üçün deyil, yalnız yeni bazarlar üçün nəzərdə tutulacaq:"Məsələn, Azərbaycanın pomidorlarını Rusiya Federasiyasına ixrac edərkən subsidiya tətbiq olunmayacaq. Məqsədimiz şirkətləri müxtəlifləşdirməyə, yeni bazarlar tapmağa və orada böyüməni təşviq etməyə yönəltməkdir.
Buna görə də hesab edirəm ki, bu mexanizm mütləq olaraq şirkətlərimizə fayda verəcək".
