Azərbaycan, Bakı, 09 oktyabr/ Trend Cap , müxbir İ.Xəlilova/ "Azersun Holding yodlaşdırılmış və saflaşdırılmış qida duzunun istehsalı üzrə yeni zavodun gücünü iki dəfə artırmaq niyyətindədir", - Holdinqin biznesin inkişafı və sərmayələr şöbəsinin rəhbəri Mehran Məmmədov cümə axşamı bildirib. Zavodu Masazırda tikmək nəzərdə tutulur.
Layihənin ilkin variantına əsasən, müəssisə sutkada 100 ton duz istehsal etməlidir. Lakin bu məhsula böyük tələbatla əlaqədar, istehsal xəttini 200 tonadək artırmaq barədə qərar qəbul edilib.
"Buna baxmayaraq, ilkin mərhələdə müəsissə sutkada 100 ton duz istehsal edəcək", - Məmmədov bildirib.
Onun sözlərinə görə, zavodun 2009 - cu ilin üçüncü rübündə istismara veriləcəyi gözlənilir.
Layihə $12 mln. qiymətləndirilir. Azersun Holding-in prezidenti Abdolbari Gozalın əvvəllər bildirdiyinə görə, layihənn 50 faizinin Golf Star ərəb şirkətinin sərmayələri hesabına maliyyələşdiriləcəyi gözlənilir.
Qalan vəsaitlər Holdinq və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) iştirak payı hesabına ödəniləcək. Investisiya şirkəti layihəyə $2,9 mln. yatırmaq niyyətindədir və ""Azərbaycan Duzu" İstehsalat Birliyi" QSC-nin Nizamnamə kapitalında 25 faiz iştirak payı alacaq.
Holdinq rəhbərinin sözlərinə görə, sərmayədarlar zavod istismara verildikdən üç - dörd il sonra öz yatırımlarını geri qaytarmaq niyyətindədirlər. Müvafiq olaraq, layihədən çıxış beş il sonra mümkündür. Ay ərzində müəssisənin bünövrəsi qoyulacaq.
Isveçrənin Evoterm şirkəti artıq zavodun tikintisi üçün lazımi avadanlığı respublikaya gətirib. Tikinti işlərini Türkiyənin Inova şirkəti aparacaq.
Tikinti üçün yeddi ha torpaq sahəsi ayrılıb. Ərazi Azersun Holding və AIŞ ASC - nin təsis etdiyi "Azərbaycan duzu"nun mülkiyyətinə verilib.
Zavod Masazır gölü yaxınlığında tikiləcək. Bu ərazidə zavod və göldən duzun yığılması üçün infrastruktur (nasoslar və s.) yerləşəcək. Duz ilk əvvəl Masazır gölündəki sahələrdən yığılacaq. Lakin gələcəkdə Türkmənistandan tədarüklər nəzərdə tutulub.
Türkmənistandan tədarük zavodun tikintisindən il yarım sonra başlaya bilər. Zavod hələlik yerli duza istiqamətlənəcək.
Hazırda respublikada kustar üsulla duz istehsal edən 20 - yə yaxın müəssisə fəaliyyət göstərir.
UNICEF-in donor dəstəyi ilə həyata keçirilən "Yod və yodlaşdırılmış universal duz çatışmazlığı problemi" layihəsi yod çatışmazlığı probleminin aktuallığını göstərib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap