...

Azərbaycanda xarici valyutada istiqrazların payına korporativ bazarın 36 faizi düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 20:06 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında xarici valyutada nominasiya olunmuş istiqrazların təklifinin yüksək həcmi qeydə alınıb.
Azərbaycanda xarici valyutada istiqrazların payına korporativ bazarın 36 faizi düşür

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında xarici valyutada nominasiya olunmuş istiqrazların təklifinin yüksək həcmi qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ötən ilin yekunları üzrə illik hesabatında qeyd edilir.

"Xarici valyutada nominasiya olunmuş istiqrazlarla ümumi əməliyyatların həcmi 402,4 milyon manat təşkil edib ki, bu da korporativ borc alətləri bazarının 36 faizini təşkil edir", - hesabatda deyilir.

Hesabat dövründə, həmçinin bazar üçün yeni alət olan xarici valyutada nominasiya olunmuş konvertasiya hüququna malik istiqrazlar ilk dəfə dövriyyəyə buraxılıb.

Hesabat dövründə komitəyə 454 səhmdar cəmiyyətin hüquqlarının pozulması barədə 286 şikayət ərizəsi və 35 müraciət daxil olub. Araşdırmalar nəticəsində fəaliyyətində qanun pozuntuları aşkar edilmiş səhmdar cəmiyyətlərin 184-nə qarşı inzibati cərimələr tətbiq edilib, 154-nə isə pozuntularının aradan qaldırılması haqqında məcburi göstərişlər göndərilib.

Bundan başqa, 2011-ci ildə səhmdar cəmiyyətləri tərəfindən 2010-cu ilin nəticələrinə görə QKDK-ya 464 hesabat təqdim edilib. İllik hesabatın təqdim edilməməsi və ya düzgün tərtib edilməməsi səbəbindən 350 səhmdar cəmiyyətə qarşı inzibati cərimə tətbiq edilib.

Hesabat dövrü ərzində "Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsi haqqında" Qaydaların layihəsi hazırlanaraq dövlətdaxili prosedurlara ötürülüb.

QKDK-nin hesabatına əsasən, 2011-ci ilin yekunları üzrə ölkənin qiymətli kağızlar bazarında peşəkar iştirakçıların sayı 2010-cu ildəki 37-yə qarşı 33 təşkil edib. Bu gün bazarda fəaliyyət göstərən peşəkar iştirakçılardan broker fəaliyyətinə 13, diler fəaliyyətinə 11, reyestr saxlayana 2, fond birjasının fəaliyyətinə 1, MB-nin idarə edilməsinə 2, klirinq fəaliyyətinə 1, depozitar fəaliyyətə 3 lisenziya verilib.

2011-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarının bütün seqmentlərində canlanma müşahidə edilib, nəticəcə bazarda əməliyyatların həcmi 3,8 faiz artıb. 2011-ci il ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların sayı 23 faiz, əməliyyatların həcmi isə 3,8 dəfə artaraq 8862 milyon manat təşkil edib. 2011-ci ildə ölkənin korporativ qiymətli kağızlar bazarı 2010-cu illə müqayisədə 2,7 dəfə artaraq əməliyyatların sayının 13 faiz artması ilə 2144 milyon manat təşkil edib.

Korporativ qiymətli kağızlarla aparılan əməliyyatların ümumi həcmindən 48 faiz səhmlərin, 52 faiz korporativ istiqrazların payına düşüb. Korporativ istiqrazlar bazarında əməliyyatlar 3,7 dəfə artaraq 1115 milyon manat təşkil edib.

Yanvarın 23-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti