...

Azərbaycanda icazə sisteminə çıxış sadələşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 19:38 (UTC +04:00)
Azərbaycanda icazə sisteminin tənzimlənməsi üçün biznes portalın buraxılışı martın 15-nə planlaşdırılıb.
Azərbaycanda icazə sisteminə çıxış sadələşdirilir

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda icazə sisteminin tənzimlənməsi üçün biznes portalın buraxılışı martın 15-nə planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.

Bununla əlaqədar təqdimatın keçirilməsi gözlənilir.

"Portalın yaradılması, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların biznesin aparılması üçün lisenziya və icazələr sahəsində məlumatlılıq səviyyəsini yüksəldəcək", - nazirlikdən bildiriblər.

Əlavə olaraq, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri, öz fəaliyyətini genişləndirmək, yeni sahələrdə çalışmaq istəyən sahibkarlar həmin fəaliyyətin növündən asılı olaraq tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları və sahibkarlıq sahəsində hazırlanan qanunvericilik aktlarının layihələri ilə bağlı məlumatları vahid mənbədən əldə edə biləcəklər. Bununla da sahibkarlar öz biznesinin planlaşmasında, risklərin azalmasında praktiki vasitə əldə edəcəklər.

Portal sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta biznes üçün nəzərdə tutulub. Portal mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı (icazə növünün adı, hüquqi əsası, tələb edilən sənədlərin siyahısı, icazəni verən orqanın adı, hüquqi ünvanı və s.) əks etdirəcək.

Bununla yanaşı, portalda "sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri" xidmət bölməsi yaradılacaq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hazırladığı sahibkarlıq sahəsinə aid olan qanunvericilik aktlarının layihələri portalda yerləşdiriləcək və göstərilən layihələrin mətninin portalda bir ay müddətində saxlanılması təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti