...

Azərbaycan hökuməti xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2014 16:09 (UTC +04:00)
Azərbaycan hökuməti ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayacaq.
Azərbaycan hökuməti xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayacaq

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hökuməti ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlayacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub.

Sənəddə qeyd olunub ki, yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemi gücləndirilməlidir.

Sazişdə sonra vurğulanıb ki, torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarəti gücləndirmək, şoranlaşmış, eroziyaya uğramış torpaqlarda sağlamlaşdırma tədbirlər həyata keçirilməlidir. Ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səylər davam etdirilməlidir. Bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət maliyyə dəstəyini davam etdirmək, bu dəstəyin səmərəli təşkil olunması məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmləri daha da təkmilləşdirilməlidir.

Bundan başqa gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səylər artırılmalıdır. Təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə edilməlidir.

İstehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarlar bölüşdürülməlidir, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələri geniş ictimaiyyətə çatdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti