...

Azərbaycan və İran regionları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 18:20 (UTC +04:00)
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəşidiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və İran regionları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəşidiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında siyasi, iqtisadi və sosial-humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb: "2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də Prezident İlham Əliyevin bu ilin aprel ayında İrana rəsmi səfəri zamanı keçirdiyi görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti də əhəmiyyətlidir və komissiyanın bu ilin avqust ayında Bakıda keçirilmiş 9-cu iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına dair razılıq əldə edilib".

Hazırda enerji, nəqliyyat, meliorasiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdıran Ş.Mustafayev bu layihələrin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. Azərbaycan və İranın regionları arasında əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayan iqtisadiyyat və sənaye naziri Azərbaycan regionlarının dinamik inkişafı barədə məlumat verib.

İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisi Ə.Rəşidiyan səmimi qəbula görə təşəkkür edib, bu il dövlət başçılarının Davos və Tehranda keçirilmiş görüşlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətini qeyd edib, regionlar arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdıraraq, Rəzəvi Xorasan əyalətinin iqtisadi potensialına dair məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti