Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 5-də dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan növbəti tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri iştirak edib.
Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılib.