Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir İ.Xəlilova, S.Əliyev /
SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) ilin sonunadək ilk beynəlxalq reytinqini almağa hazırlaşır. Bu barədə cümə günü SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
"Reytinqin əldə olunması üçün Fitch Raytings beynəlxalq reytinq agentliyi ilə ötən il imzalanan müqavilə əsasında danışıqlar aparılır. Bununla yanaşı, Moodys Investors ilə məsləhətləşmələr aparılır, həmçinin Standards & Poors tərəfindən də maraq göstərilir", - deyə Qasımov bildirib.
Reytinqin alınması SOCAR-ın bon buraxmaq planları ilə bağlıdır. Dövlət Neft Şirkəti qiymətli kağızların debüt buraxılışını beş il müddətinə 500 mln.dollar səviyyəsində həyata keçirməyi planlaşdırıb ki, bu da beynəlxalq reytinq agentliklərinin rəyinə görə, daha münasibdir.
"Bizi də bu həcm qane edir, çünki bu, xarici bazarlarda SOCAR-ın imicinin artmasına imkan yaradacaq", - deyə əvvəllər Qasımov bildirib.
SOCAR-ın bondların yerləşdirilməsi üzrə məsləhətçisi - Amerika Citibank-ı onların ABŞ-da yerləşdirilməsini təklif edir. Çünki Amerika bazarında daha böyük maraq olacaq. Bundan əlavə, müxtəlif ölkələrdən beş-altı birja bondların yerləşdirilməsinə maraq göstərib.
Əvvəllər bondların buraxılması planları 2009-cu ilə təxirə salınıb, çünki bunadək minimum iki il beynəlxalq audit həyata keçirmək lazım idi. Dövlət Neft Şirkəti 2007-ci ilin yekunu üzrə ilk beynəlxalq auditini aparıb, ikinci isə 2008-ci ilin yekunu üzrə olacaq. Bununla yanaşı, Amerikanın Miller & Land şirkəti SOCAR-a məxsus yataqlarda karbohidrogen ehtiyatlarının qiymətləndirilməsini aparıb. Şirkətin hesabatı SOCAR rəhbərliyi tərəfindən təsdiq edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]