...

Azərbaycan Bakı-Novorossiysk neft kəməri ilə nəqlin qiymət tariflərini artırmaq fikrində deyil - nazir

Energetika Materials 3 İyun 2009 12:29 (UTC +04:00)
Azərbaycan Bakı-Novorossiysk neft kəməri ilə nəqlin qiymət tariflərini artırmaq fikrində deyil - nazir

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan, bir müddət əvvəl Rusiya tərəfinin təklif etdiyi kimi Bakı-Novorossiysk neft kəməri ilə nəqlin qiymət tariflərini artırmaq fikrində deyil", - çərşənbə günü "Oil&Gas 2009" konfransında Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyev deyib.

"Tərəflər arasında tranzit müqaviləsi 1996-cı ildə bağlanıb və qiymətlər bizi qane edir. Bu səbəbdən biz tranzit şərtlərini dəyişmək istəmirik", - Əliyev bildirib.

Onun sözlərinə görə, qiymətlərin Azərbaycanı qane etməsinə səbəb nəql zamanı ortaya çıxan bütün xərclərin bu tarifdə öz əksini tapmasıdır.

"(Rusiyadakı) Qanunvericilik dəyişiklikləri, eləcə də limandakı yığımlar bizə aid deyil, çünki hər şey bizim tarifə daxil edilib", - Əliyev qeyd edib.

Şərtlər tərəflərdən birini qane etmirsə, tranizt müqaviləsinə əsasən, narazı tərəf yarım il əvvəldən nota təqdim etməlidir.

Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli haqda hökumətlərarası müqavilə 1996-cı ilin 18 yanvarında bağlanılıb. 1 ton neftin nəqlinə görə müəyyən edilən tarif 15,67 dollar təşkil edir. 

Bakı-Novorossiysk kəməri ilə builki neft nəqlinin həcmi 2,5 milyon tondur. Müqaviləyə əsasən, bu rəqəm artıq 5 milyon tona çatmalı idi.

Kəmərin uzunluğu 800 kilometrdir, gücü ildə 5 milyon tondur.

Bakı-Novorossiysk boru kəmərinin operatoru qismində 2007-ci ilə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) çıxış edirdi. Sonradan qurum bu səlahiyyətləri SOCAR-a verib. Üstəlik, ARDNŞ nümayəndələri qeyd edirlər ki, ABƏŞ üzrə tərəfdaşlar ümumiyyətlə bu marşrutla gələcəkdə neft nəql etmək niyyətində deyildi. Ancaq Gürcüstanda ötən ilin avqustunda baş verən hadisələr üzündən ABƏŞ üzrə tərəfdaşlar (BTC layihəsinin iştirakçıları) bu marşrutla nəqli bərpa etməli oldular.

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı SOCAR çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir ki, buna da səbəb başqa istehsalçıların nefti ilə qarışmadır. Ancaq Azərbaycan neftinin bu marşrutla nəqli həcmi artırılacağı təqdirdə, Rusiya tərəfinin Novorossiyskdə keyfiyyət bankının qurulması məsələsini nəzərdən keçirməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti