...

"Şahdəniz" üzrə tərəfdaşlar Azərbaycanla Türkiyə arasında qaz sazişləri paketinin imzalanmasını alqışlayır

Energetika Materials 26 Oktyabr 2011 16:23 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar dünən Türkiyədə Azərbaycan qazının alqı-satqısı, onun tranziti haqqında sazişlərin və Azərbaycanla Türkiyə arasında hökumətlərarası sazişin uğurla imzalanmasını alqışlayıblar.
"Şahdəniz" üzrə tərəfdaşlar Azərbaycanla Türkiyə arasında qaz sazişləri paketinin imzalanmasını alqışlayır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar dünən Türkiyədə Azərbaycan qazının alqı-satqısı, onun tranziti haqqında sazişlərin və Azərbaycanla Türkiyə arasında hökumətlərarası sazişin uğurla imzalanmasını alqışlayıblar. Trend-in məlumatına görə, bu barədə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.

"İmzalanmış sazişlər BP şirkətinin və onun "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlarının yatağın işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına dair yekun investisiya qərarını qəbul etməsinə, eləcə də "Cənub qaz dəhlizi" layihələrinin həyata keçirilməsinə kömək edəcək", - Bayatlı deyib.

Onun sözlərinə görə, bu sənədlərin imzalanması "Şahdəniz" konsorsiumuna Avropaya qaz ixracı üçün boru kəmərinin seçimi prosesini davam etdirməyə, eləcə də potensial alıcılarla qaz satışı haqqında sazişi təsdiqləməyə imkan verəcək.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza "Cənub qaz dəhlizi" layihəsi üçün əsas mənbə kimi baxılır. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan Avropaya 10 milyard kubmetr həcmində qaz tədarük etməyi planlaşdırır.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Hazırda "Şahdəniz" layihəsi üzrə tərəfdaşlar Azərbaycan qazının Avropaya nəqli üzrə marşrutun müəyyən olunması üçün bu boru kəməri layihələri ilə bağlı təklifləri nəzərdən keçirirlər.

Xəbər lenti

Xəbər lenti