...

"Caspian Geophysical" Xəzərdə 3D seysmik tədqiqatlara hazırlaşır

Energetika Materials 28 Oktyabr 2011 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda "Caspian Geophysical" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" perspektiv blokunda üçölçülü geofiziki tədqiqatlara başlayacaq. Bu barədə Trend-ə cümə günü ARDNŞ ilə birgə bu perspektiv blokun kəşfiyyatı və işlənməsi layihəsinin iştirakçısı olan BP şirkətindən məlumat verilib.

Məlumata görə, hazırda podratçı işə başlamağa hazırlaşır. "Podratçı artıq işə başlamağa hazırlaşır", - şirkətdən deyiblər.

Cümə günü "Caspian Geophysical" şirkətindən Trend-ə deyildiyi kimi, hazırda "Gilavar" gəmisi müqavilə sahəsindədir. Orada hazırda müqavilə çərçivəsində görüləcək işlərə hazırlıq gedir.

Əvvəllər blokda işlərə sentyabrın 15-də başlamaq planlaşdırılmısdı. Ləngimə hazırlıq prosesi, o cümlədən dənizdəki hava şəraiti ilə bağlıdır.

Mayda "BP-Azerbaijan" və "Caspian Geophysical" şirkətləri arasında 3D seysmik tədqiqatların aparılması üzrə müqavilə imzalanıb.

"Şəfəq-Asiman" bloku üzrə müqavilə 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir, sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir. Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti