Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbirlər S.Əliyev, E.Tariverdiyeva/
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı Avropaya qaz nəqlinin gələcəkdə şaxələndirilməsi üçün mühüm addım olacaq. Trend-in məlumatına görə, bunu energetika üzrə Avropa komissarı Günter Ottinger çərşənbə axşamı Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
G.Ottinger bildirib: "Və bu, Qafqazla Aİ arasında əlaqələri möhkəmləndirəcək. Bunlar təkcə enerji sahəsində deyil, sənaye və mədəni əməkdaşlıq sahəsində əlaqələrdir. Bugünkü qərar tarixi qərardır. "Şahdəniz 2"-nin reallaşdırılmasında irəliləyiş üzrə qərar, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi və Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihələri Avropada alqışlanır. Bu, enerjinin xalqlar arasında uzunmüddətli əlaqələrin əsası olduğu birinci hadisə deyil".
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin inkişafı tərəflərin hökumətləri və işgüzar dairələri arasında əməkdaşlığın gözəl nümunəsidir.
G.Ottingerin sözlərinə görə, şirkətlər zəruri investisiyalar üçün əsas kimi qaz nəqli üzrə lazım olan müqavilələrə malikdirlər.
O, həmçinin əlavə edib ki, cənub-şərqi Avropada Cənub Qaz Dəhlizinin reallaşdırılması məsələsində Azərbaycanla Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqro, eləcə də Macarıstan, yaxud Rumıniya və ya Avstriya ilə əməkdaşlığa dair planların olduğunu eşitməyə şaddır: "Bu gün müşahidə etdiklərimiz böyük layihənin başlanğıcıdır".