...

SOCAR-AQŞ iki yeni yataqda qazma işlərinə başlayır

Energetika Materials 9 Aprel 2014 11:35 (UTC +04:00)
‘’Ümid’’ və ‘’Qərbi Abşeron’’ yataqlarında qazma işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ (inteqrə olunmuş qazma və quyu xidmətləri təklif edən qazma podratçısı) tərəfindən aparılması rəsmən təsdiqlənib. ‘’Ümid’’ yatağında qazma işləri “SOCAR-ÜMİD’’ MMC-nin sifarişi əsasında aparılacaq.
SOCAR-AQŞ iki yeni yataqda qazma işlərinə başlayır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

''Ümid'' və ''Qərbi Abşeron'' yataqlarında qazma işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ (inteqrə olunmuş qazma və quyu xidmətləri təklif edən qazma podratçısı) tərəfindən aparılması rəsmən təsdiqlənib. ''Ümid'' yatağında qazma işləri "SOCAR-ÜMİD'' MMC-nin sifarişi əsasında aparılacaq.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, yaxın gələcəkdə SOCAR-AQŞ adıçəkilən yataqda ZJ-70 tipli 1 qazma qurğusu ilə qazma işlərinə başlayacaq. Hal-hazırda ''Ümid'' yatağında 1 saylı DDSÖ-dən 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir. Bu kəşfiyyat quyusu ''Ümid'' yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, ''Umid'' yatağında 1 saylı DDSÖ-dən orta dərinliyi 6700 m olan 3 quyunun qazılması planlaşdırılır.

Bundan başqa müəssisə "Qərbi Abşeron" yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 m olan 10 quyunun qazılmasını planlaşdırır. ARDNŞ-nin "Azneft" İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulur.

Müəssisə müasir tələblərə cavab vermək üçün hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcək.

SOCAR-AQŞ DDSÖ 11-dən 230 saylı quyunun tikintisi işlərini heç bir hadisəyə yol vermədən, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə yekunlaşdırıb.

230 saylı quyu ''Günəşli'' yatağının dayazsulu hissəsində Fasilə Lay Dəstinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq layihə dərinliyi 3230 metr, faktiki dərinliyi isə 3235 metr təşkil edir. Quyuda qazma işlərinə bu ilin yanvar ayının 30-da start verilmişdi.

Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilir. 230 saylı quyuda qazma işlərinin yekunlaşdırılması bu ilin may ayının 15-nə planlaşdırılsa da əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlamışdır. Belə ki, 230 saylı quyuda qazma işləri aprel ayının 2-də uğurla başa çatdırılmış, quyuya istismar kəmərləri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır. Quyu sifarişçiyə təhvil verilmişdir.

Müəssisəmiz fəaliyyətinin bütün mərhələlərində ilk öncə Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsinin (STTƏMM) təmin edilməsinə və quyuların keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsinə böyük önəm verir.

Sifarişçi ARDNŞ-nin "Azneft" İstehsalat Birliyidir.

SOCAR-AQŞ MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Abşeron Qazma" Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR-AQŞ Dayaz Sulu Günəşli yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. SOCAR-AQŞ həmçinin Bahar Enerji Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində 1 qazma qurgusu ilə qazma işləri aparır. SOCAR-AQŞ eyni zamanda "Ümid" və "Qərbi Abşeron" yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərinə davam edir.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür.

SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsinə görə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, API Q Plyus sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti